Fernando Santuş yığmanın 7-ci əcnəbi baş məşqçisi oldu.
Portuqaliyalı mütəxəssis, çox güman, qarşıdakı 4 ildə yığmaya rəhbərlik edəcək. Bəs görəsən, “Göyqurdlar” yeni təyinat haqda nə düşünür? Bu yaşda birinin millinin “sükanı arxasına” gətiriləcəyini, yoxsa AFFA-nın daha gənc kadra güvənəcəyini gözləyirdilər? Bu suallarla adı çəkilən azarkeş qrupunun rəhbəri Elnur Şərifliyə müraciət etdik:
"Əvvəl də bildirmişdik ki, biz Qurban Qurbanovun təyin olunmasını istəyirik. Lakin bəzən hər şey azarkeşlərin istədiyi kimi getməyə bilər. Santuş çox tanınmış və uğurlu karyerası olan məşqçidi. Onun uğurları hər kəsə məlumdu, bu səbəbdən məşqçini təhlil etməyə ehtiyac görmürəm. Portuqaliya futbolu ilə bizim futbol arasında çox böyük fərq var. Santuş Azərbaycanda yaşadığı müddətdə futbolumuzu da öyrənməyə imkan tapacaq. Biz bunu hər zaman istəmişdik və ən əsas tələbimiz bu olmuşdu ki, əcnəbi məşqçi futbol mentallığımızı öyrənmək üçün ölkəmizdə yaşamalı, liqa oyunlarını yerində izləməlidi. Hava limanında milli komandamızı qarşılayarkən Sərxan bəydən də bunu soruşmağa imkan tapdım və o da təsdiqlədi ki, Santuş işlədiyi müddətdə Azərbaycanda yaşayacaq. Çünki artıq təyinat yekunlaşıb. Bəzilərinin xoşuna gəlsə də, gəlməsə də, yeni məşqçiyə zaman verib, işinə baxmalıyıq, daha sonra isə Santuşun fəaliyyəti barədə fikir bildirmək düzgün olar. Biz "Göyqurdlar" olaraq, yeni məşqçiyə tam dəstək verəcəyik. Ümid edirik ki, o da arxasındakı güclü azarkeş dəstəyini görəcək. Yerli azarkeşlərin nə qədər qələbəyə, uğura ac, tələbkar olduğunu görərək daha motivasiyalı və həvəsli işləyəcək. Fikrimə, yaş amili futbolda önəm daşımır. Santuş gənc və savadlı kadrları məşqçilər korpusuna daxil edərsə, bunun müsbət tərəflərini görəcəyik. Məşqçilər korpusunun önəmi çox böyükdü. Özünə güclü kadr bazası formalaşdırdığı təqdirdə ölkə futboluna da xeyri dəyəcək. Santuşun təyinatının bizim üçün ən önəmli qazanclarından biri futbolçularımızın gələcək karyerasına təsir etmək imkanının olmasıdı. Yeni baş məşqçinin dünyaca məşhur olduğunu nəzərə alsaq, Avropa mətbuatının, menecerlərin, futbol adamlarının gözü daim Azərbaycanın matçlarında olacaq. Bunun nəticəsində futbolçularımız özlərini güclü və yaxşı tərəfdən göstərərək Avropa klublarında oynamaq şansını daha da artıra bilər".
GÜNAY SÜLEYMANOVA