“Sumqayıt” Misli premyer-liqasında geridə qoyduğumuz mövsümü uğurlu nəticələrlə tamamladı.
57 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşan “kimyaçılar” Konfrans Liqasının 2024/25 mövsümündə ölkəmizi təmsil edəcək.
Bilindiyi kimi, kollektivin baş məşqçisi Samir Abasovdu. Məşqçi karyerasına “Sumqayıt”da başlayan mütəxəssis “Zirə” və “Neftçi”ni çalışdırdıqdan sonra, daha dəqiqi, 2022/23 mövsümündə yenidən doğma klubuna döndü. Yəni bu postda Aleksey Baqanı əvəzlədi. Onun burdakı ilk mövsümü 31 xalla 7-ci sırada başa çatdısa, növbəti cəhd, bayaq vurğuladığımız kimi, uğurlu alındı. Nəticədə “kimyaçılar” üç ildən sonra yenidən Avropa meydanlarına qayıtdı. İndi “gənclik şəhəri”nin təmsilçisinin əhəmiyyətli turnirlə bağlı hədəfləri, növbəti mövsüm üçün hazırlıq proqramı, komandayla bağlın islahatlarnın hansı yöndə aparılacağı haqda məsələlər gündəmdədi. Dünən qeyd olunanlar ətrafında baş məşqçi Samir Abasovla söhbət etdik. Müzakirəyə ötən mövsüm haqda fikirlərini öyrənməklə başladıq.
– Samir bəy, 2023/24 “futbol ili” yetərincə gərgin keçdi. “Qarabağ”ın ardından avrokuboklara qatılacaq başqa komandalar son turda bəlli oldu. Bu sırada “Sumqayıt” da var. Hadisələrin axarında hansı məqamlar həlledici rol oynadı?
– Bəli, çox maraqlı mövsümü geridə qoyduq. Deyərdim ki, hər şey əla oldu. Şükür Allaha, Konfrans Liqasına vəsiqə qazana bildik. Məncə, əsas işi futbolçular gördü. İki il ərzində yaxşı kollektiv formalaşdıra bildik. Həmçinin, sonradan bizə qoşulan oyunçular uyğunlaşma prosesində çətinlik çəkmədi. Belədə vaxt itkisi olmadı. Çox güman, bu məqamın da faydası böyükdü.
– Qış “transfer pəncərəsi”ndə sadəcə bir futbolçu - Cordan Rezabalanı transfer etmişdiz. Görünür, növbəti mövsüm üçün daha güclü olmaq lazım gələcək. Konkret hansı mövqelərə “yeni qan” lazımdı?
– Düzdü, bizi ciddi oyunlar gözləyir. Hazırda bütün gücümüzü hücumçu axtarışına səfərbər etmişik. Təbii ki, başqa mövqelərin də yenilənməsi nəzərdə tutulub.
– Hücumçu demişkən, bacarıqlı futbolçulardan olan Erik Sorqa komandanı tərk etdi. Maraqlıdı, 27 oyunda 5 qol, 2 məhsuldar ötürmə, hətta 36-cı turda “Qəbələ”yə vurulan qələbə qolunun müəllifi olan oyunçuyla niyə anlaşa bilmədiz? Və onun yerini doldura biləcəyinizə inanırsızmı?
– Onu deyə bilərəm ki, hazırda Sorqadan da yaxşı hücumçu axtarışındayıq. Bunu bacaracağımıza inanırıq.
– “Sumqayıt”dakı vəzifənizə başlamamış qarşınıza qoyulan hədəfin kollektivin əvvəlki səviyyəni, eyni zamabda azarkeşləri stadiona qaytarmaq olduğunu demişdiz. Bu gün buna nə dərəcədə nail olmusuz?
– Addım-addım daha yaxşısını etməyə çalışırıq. Çalışmalar plana uyğun davam edir. Görəcəyimiz iş hələ irəlidədi. Daha möhkəm və sabit komanda qurmaq fikrindəyik. Azarkeşlərimizin sayını artırmaq və həmişə stadiona gəlməsini istəyiriksə, çox güclü kolletivə ehtiyacımız var.
– Bəli, artıq iki dəfə azarkeş sayına görə rekord qırılıb. “Mehdi Hüseynzadə” bu mənada “Sumqayıt” üçün düşərli oldu. Bunu avrokuboklara vəsiqə qazanmağınızın əsas səbəblərindən biri kimi dəyərləndirə bilərik?
– Əlbəttə, bütün yaxşı oyunlarımızın, qələbələrimizin arxasında azarkeşlər dayanır. Yeni meydançanın olması, sözsüz fayda verdi. Belədə futbolçuları oyuna kökləmək, motivasuya vermək asanlaşdı.
– Bilindiyi kimi, aqressiv və emosional xarakterə sahibsiz. Bunun baş məşqçi kimi inkişafınıza mane olduğunu iddia edənlər varsa, məhz xarakterinizə görə sizə simpatiya bəsləyənlər də az deyil. Bu haqda nə deyə bilərsiz?
– Xarakterimizi dəyişmək mənim üçün çox çətindi. Bunu istəsəm də, bacara bilmərəm. Kiminsə bəyənib-bəyənməməsinə gəlincə, hamı üçün yaxşı ola bilmərəm. Hər kəsi razı salmaq olmur. Xahiş edirəm ki, məni olduğum kimi qəbul etsinlər.
– Yeri gəlmişkən, hakimlərlə münasibətləriniz mövsümün əvvəlindən bəri qaydasında deyildi. Lakin son matçlarda həm komandaya, həm də ədalət təmsilçilərinə mülayim münasibət sərgilədiz. Bu nə ilə bağlıydı?
– Səbəbi təcrübə ilə əlaqələndirərdim. Sirr deyil ki, mövsüm ərzində təzyiq altında olduq. Komandam həm fiziki, həm də psixoloji cəhətdən çox yüklənmişdi. Belədə öz emosiyalarımla onların üzərinə getmək istəmədim. Məncə, bu yolu sınamağa dəyərdi və müsbət nəticə verdi. Özüm də təcrübə qazanmış oldum.
– Ötən “futbol ili”nin sonunda yerli mətbuata verdiyiniz müsahibədə fikirlərinizdən biri diqqətimi çəkmişdi. Demişdiz ki, başqa ölkə klublarından təklif alsam, heç düşünmədən gedərəm. Hələ də həmin düşüncədəsiz? Və yerli və ya xarici klublardan təklif almısızmı?
– Gəlin, bu haqda danışmayım. Çünki sonra söz-söhbətə səbəb olacaq...
– Yaxşı, Samir bəy, komandadan bəhs edək. Məşqlər nə vaxt bərpa olunacaq? Təlim-məşq toplanışının harda keçiriləcəyi bəllidimi?
– İnşallah, iyunun 15-də məşqlərə start veriləcək. Daha sonra təlim-məşq toplanışıyla bağlı məsələləri konkretləşdirib açıqlayacağıq.
– Sonda Konfrans Liqasıyla bağlı hədəfləriniz haqda məlumat almaq istərdim.
– Avrokubok oyunlarına təcrübə qazanmaq məqsədiylə yanaşacağıq. Belə matçlar daha güclü komanda formalaşdıra bilməyimizə kömək edəcək.
Xatırladaq ki, Samir Abasovun “Sumqayıt”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
KƏNAN BAHADIR