Sumqayıtın Səbuhisi “Pendikspor”a keçir? – “düşünürəm” dedi

5.06.2024 13:30
Aktual / Ölkə futbolu
Mövsüm bitəndən sonra transfer xəbərlərinin artması təbiidi.

Hər il yerli futbolçulardan bir neçəsi xaricdən gələr təkliflərə isti yanaşır, legioner həyatı yaşamağa yollanır. Hazırda belə namizədlərdən biri “Sumqayıt”ın yarımmüdafiəçisi Səbuhi Abdullazadədi. 23 yaşlı oyunçuya Türkiyədən dəvət gəlib. Son mövsümdə superliqada çıxış etmiş “Pendikspor” onun xidmətində maraqlıdı. İddialara görə, sözügedən klub Səbuhiyə görə “kimyaçılar”a rəsmi təklif göndərib. Hətta “gənclik şəhəri” təmsilçisi müqavilə müddəti davam edən yetirməsini satmaq istəsə, “Pendikspor” müəyyən təzminat ödəməyə razıdı.

Bəs futbolçu avrokuboklara vəsiqə qazanan “Sumqayıt”dan ayrılıb elita ilə vidalaşan Türkiyə klubuna getmək istəyirmi? Səbuhinin “Football-plus.az”a açıqlaması:

“Kluba rəsmi təklif gəlib. Hələ bilmirəm. Fikirləşib, sonra qərarımı verəcəm. Yerli klublardan və ya digər təkliflər yoxdu. Türkiyə təmsilçisini hələ yaxşı araşdırmamışam. Daha çox “Sumqayıt”la uğuru fikirləşirəm. Amma dəqiq qərarım hələ ki yoxdu”.

RÖYANƏ OĞUZ