Ayxan Abbasovun srağagün axşam saatlarında “Turan Tovuz”dan ayrılması futbol ictmaiyyəti üçün şok qərar oldu.
Ona görə ki, baş məşqçi klubun indiki büdcəsinə və şəraitinə görə maksimum nəticə göstərmişdi. Doğrudu, tovuzlular ötən mövsüm olduğu kimi, yenə də çempionatı 6-cı pillədə başa vurmuşdu. Amma son iki mövsümü müqayisə etdikdə həm komandanın göstərdiyi oyun yaxşılaşıb, həm də məhsuldarlıq və xal sayı artıb. Doğrudu, əsas nəticədi. Görünən odu ki, “Turan Tovuz” bu baxımdan irəli getmək əvəzinə yerində sayıb. Fəqət mövsümə heç də yaxşı başlamayan komanda üçün belə nəticələrin qeydə alınması normaldı. Abbasovun “Turan Tovuz”u premyer-liqada öz meydanında möhtəşəm azarkeş dəstəyindən ruhlanaraq, istənilən rəqibi məğlub etməyə qadir idi. Əlbəttə, 31-ci turda evdə “Sumqayıt”dan alınan darmadağın da unudulmayıb. Fəqət bu futboldu. Maraq doğuran məqamlardan biri hətta “Zirə” ilə ev görüşündəki məğlubiyyətdən sonra belə tovuzlu azarkeşlərin Ayxan Abbasovu istefaya səsləməsinə biganə qalmayan rəhbərliyin baş məşqçinin arxasında olacağını bəyan etməsi idi: “Bildirmək istəyirik ki, klub rəhbərliyi seçdiyi yolun və baş məşqçinin arxasında olacaq”.
Hər şeyin yolunda getdiyi bir vaxtda gözlənilməz ayrılıq xəbəri diqqətləri başqa istiqamətə yönəltdi. Belə ki, klubun sponsoru olan “Huner Group”un rəhbəri, eyni zamanda “Turan Tovuz”un idarə heyətinin sədri Ehtiram Quliyev “Kəpəz”lə oyundan sonra gələcək hədəflərdən danışarkən növbəti mövsüm əsas hədəfin avrokuboklara vəsiqə qazanmaq olduğunu açıqlayıb. Kənardan baxmaqla gəldiyimiz qənaət odu ki, Abbasov əlindəki heyət və maliyyə ilə belə hədəfin öhdəsindən gələ bilməyəcəyini düşündüyünə görə ən doğru qərarın klubdan ayrılmaq olduğunu anlayıb. Amma bu seçimin kim üçün yaxşı, kim üçün pis bitəcəyi də sual altındadı. Çünki hazırkı durumda “Turan Tovuz” üçün ən ideal çalışdırıcı Abbasov idi. 42 yaşlı mütəxəssis oyun fəlsəfəsini son ikidə futbolçulara aşılamışdı.
Bundan sonra gələcək çalışdırıcının indikindən yaxşı, yoxsa pis olacağı barədə hələ heç bir mülahizə yürütmək mümkün deyil. Hesab edirəm ki, Abbasov qarşısına qoyulmuş hədəflərin öhdəsindən gələ bilməyəcəyini düşünərək, rəhbərliyə ayrılmaq istədiyini çatdırıbsa da, rəhbərlik bu istiqamətdə müəyyən güzəştə getməliydi. Doğrudu, Tovuzda ikinci Qurban Qurbanovun yetişməsi çətindi. Ancaq ən azı Abbasova daha bir mövsüm vaxt verilə bilərdi. Ümumiyyətlə, belə ani istefa bir sıra məsələlərlə əlaqələndirilir. Kamal Bayramovun komanda haqda danışılmış oyunlarla bağlı səsləndirdiyi fikirlər də önə çəkilir. Şayət, belədirə, onda Abbasovun ardından Bayramovun da klubu tərk etməsi qaçılmazdı. Digər variantlardan biri Abbasovun “Neftçi”nin boş qalan baş məşqçi postuna yiyələnmək arzusunda olmasıdı. Düşünmürəm ki, “Neftçi” rəhbərliyi idarəçiliyi yerli çalışdırıcılara həvalə etsin və Abbasov da bu xülyaya inanacaq qədər sadəlövh olsun. Hər halda, Ehtiram Quliyev daha yüksək hədəfləri olan, daha təcrübəli çalışdırıcını kluba gətirəcək. Hətta yeni çalışdırıcının əcnəbi olmaq ehtimalı da var. Komandanın növbəti mövsümdə necə təsir bağışlayacağını isə zaman göstərəcək.
KAMAL SƏFƏR
Ayxan Abbasovun qəfil istafasının səbəbi nədi? - ARAŞDIRMA
Premyer-liqa / Manşet






