Bu siyahıya Lionel Messi başçılıq edir. ABŞ çempionatının yüksək liqasında ən çox maaş alan oyunçu Lionel Messidi. “İnter Mayami”nin hücumçusu ilə 12 milyon dollar qazanır (20,4 milyon dollar zəmanətli təzminatla). Ən yüksək maaş alan üç futbolçu arasında argentinalı dünya çempionunun ispaniyalı komanda yoldaşı Serxio Buskets də var - 8,5 milyon (8,7 milyon). Bu planda 3-cü yeri isə “Toronto”nun italyan yarımmüdafiəçisi Lorentso İnsinye tutur - 7,5 milyon (15,4 milyon). Qeyd edək ki, zəmanətli təzminat oyunçunun maaşını və müqavilə müddətində hesablana biləcək bütün bonusları özündə cəmləşdirən məbləğdi.
Messi “İnter Mayami”də 2023-cü ildən çıxış edir. 36 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə edib.
Yeri gəlmişkən, “İnter Mayami”nin baş meneceri Xavyer Asensi Lionelin transferinin klubun gəlirlərinə necə təsir etdiyini açıqlayıb. O, ötən yay ulduz futbolçunun komandaya gəlməsindən sonra klubun büdcəsinin ikiqat artdığını bildirib:
“Lionel bizi növbəti səviyyəyə aparır. Sponsorların müraciətləri də getdikcə artır. Hazırkı mövqeyimizdən çox razıyıq, komanda və indiyədək görülən işlərlə fəxr edirik. Əsas məqsəd inkişafı davam etdirməkdi. Messi gələnədək 60 milyon dollarlıq büdcəsi olan klub idik. Bu il isə təxminən 125-130 milyonluq büdcəmiz var. Komandanın ev oyunlarını müvəqqəti məskunlaşdığı stadionda keçirdiyini nəzərə alsaq, bu, böyük məbləğdi”.
Qeyd edək ki, Messinin klubla müqaviləsinin müddəti 2025-ci ilin dekabrına qədərdi. Onun komandası MLS-də 14 turdan sonra Şərq konfransının turnir cədvəlində 15 oyuna (“İnter Mayami” bir oyun çox keçirib) 31 xalla liderdi.






