“Football-plus.az” xəbər verir ki, oyunun əvvəli az-çox bərabər mübarizə şəraitində keçdi, ancaq mankunianlar tədricən təşəbbüsü ələ alıb Dubravkanın qapısı önündə təhlükəli vəziyyətlər yaratmağa başladılar. Və yarım saatın tamamında MY hesabı aça bildi – Dyallo ilə Maynunun tandemi yaxşı işlədi. Birincinin ara ötürməsini ikinci tamamladı. “Sağsağanlar” yalnız 2-ci hissənin əvvəlində bu qolun əvəzini çıxa bildi – Qordon Mörfinin asmasını tamamladı. Bundan dərhal sonra onlar hesabda irəli çıxa bilərdilər, ancaq gözəl imkanı əldən verdilər və cəzalandılar. Dyallo ötürməsinin üzərinə qol da əlavə etdi. Meydan sahibləri minimal üstünlüyü sona qədər qorudular. Əsasən də bir neçə dəfə komandasının köməyinə çatan Onananın sayəsində. Düşünmək olardı ki, MY-nin Heylunnun sayəsində 84-cü dəqiqədə vurduğu 3-cü qol bu oyunda intriqanı öldürəcək, ancaq “Nyukasl” uzatma dəqiqələrində onu bərpa etdi. Holl uzaq məsafədən gözəl zərbə ilə fərqi minimuma endirdi. Hesabı bərabərləşdirməyə imkan verməyən MY xal hesabında “Nyukasl”a çatdı. Bu iki komanda son turda 7-ci yer uğrunda döyüşəcək, ona görə ki, 6-cı yeri “Çelsi” tutacaq. “Zadəganlar”a bunun üçün son turda heç-heçə etmək kifayətdi.
“Çelsi”, doğrudan da, mövsümün sonunu çox inamlı keçirir. Səfərdə “Brayton”u məğlub edən Poçettinonun komandası ardıcıl 4-cü qələbəsini qazandı. Londonlular oyunun əksər bölümündə topa nəzarət etdilər, təhlükəli vəziyyətlər yaratdılar. Meydan sahibləri epizodik hallarda hücumda fəallaşırdılar. “Çelsi”nin üstünlüyünün qollarda əksini tapması oyunun məntiqi axarına uyğun idi. 34-cü dəqiqədə Palmer hesabı açdı. 2-ci qolu isə “Çelsi” ikinci hissənin ortalarında vurdu. “Brayton” oyunun axarını dəyişə bilmədi. “Çelsi” isə əsasən ifaçıların ustalığı sayəsində istədiyi nəticəyə nail oldu. Hər halda, sonluq “zadəganlar” üçün bir qədər əsəbi alındı. Ona görə ki, “Çelsi”dən Ceyms 88-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə qovuldu, üstəlik “Brayton” uzatma dəqiqələrində qollardan birinin əvəzini çıxdı. Ancaq meydan sahiblərinin bundan artığına gücü çatmadı. Turnir cədvəlində bir pillə irəliləyən “Çelsi” sonuncu turda hətta 5-ci yerə də yüksələ bilər.
34-cü turdan təxirə salınan oyunlar
Brayton – Çelsi 1:2
Uelbek, 90+8 - Palmer, 34. Nkunku, 64. (31555)
Çelsi: Petroviç, Hüsto (Ceyms, 69), Çaloba, Badyaşil, Kukurelya, Kaysedo, Qallaher (Uqoçukvu, 90+9), Madueke (Sterlinq, 69), Palmer (Kazadei, 90+9), Mudrik (Nkunku, 42), Cekson (Silva, 90).
Mançester Yunayted – Nyukasl 3:2
Maynu, 31. Dyallo, 57. Heylunn, 84 – Qordon, 49. Holl, 90+2. (???)
MY: Onana, Van-Bissaka, Kazemiro, Evans, Dalot, Maynu (Martines, 83), Amrabat, Dyallo (Heylunn, 82), Maktominey, Qarnaço (Reşford, 83), Fernandeş (Eriksen, 89).
Bu turdan təxirə salınan daha bir oyun çərşənbə axşamı keçirilib: Tottenhem – Mançester Siti 0:2 (61065).
1. Mançester Siti – 88, 2. Arsenal – 86... 5. Tottenhem – 63, 6. Çelsi – 60, 7-8. Nyukasl, Mançester Yunayted – 57... 10-11. Brayton, Bornmut – 48...
Bombardir: Holann (MS) – 27.
Faktlar
* “Çelsi”nin 22 yaşlı yarımmüdafiəçisi Palmer cari mövsümdəki 22-ci qolunu vurdu. O, bu göstəricidə klubun əfsanəsi – 2009/10 mövsümündə 22 dəfə fərqlənən Lemparda çatdı. “Çelsi”nin heyətində premyer-liqanın bir mövsümündə bundan da artıq qol vuran futbolçular Hasselbaynk (2000/01 və 2001/02 mövsümlərində 23 qol) və Droqbadı (2009/10 mövsümündə 29 qol).
Reaksiyalar
Erik ten Haq, MY-nin baş məşqçisi:
“İstənilən oyunda qalib gəlmək xoşdu. Bu mövsüm “Old Trafford”dakı sonuncu oyunda qalib gəlmək vacib idi. Fanatlar bunu haqq edib, onlar çətin dönəmlərdən keçib və həmişə bizi dəstəkləyib. Fanatlarımızın dəstəyinin əvəzini ödəmək istəyirdik. Gözəl qollar vurduq, ancaq bu, komanda işi sayəsində mümkün oldu. Yaxşı inkişaf edən, gözəl qollar vuran gənc oyunçulara görə sevinirəm. Oyunçular, məşqçu korpusu və şəxsən öz adımdan azarkeşlərə mövsüm ərzəindəki parlaq dəstəyə görə təşəkkür edirəm. Bu mövsüm hələ bitməyib. Əvvəlcə “Brayton”la səfər oyununa 3 xal arxasında yollanacaq, ardından “Uembli”yə (mayın 25-də orda ölkə kubokunun final oyunu keçiriləcək – red.) gedəcəyik. Söz verirəm ki, futbolçular o kuboku qazanmaq və “Old Trafford”a gətirmək üçün əlindən gələni edəcək. Bizi dəstəkləyəcəyinizə əminik. Sağ olun, siz dünyanın ən yaxşı azarkeşlərisiz”.
Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi:
“Nəticələrimizi yaxşılaşdırmışıq. Nəyisə qurub-yaratmaq istəyirsizsə, sizə vaxt lazımdı, ancaq böyük klubda bu, özünə bəraət qazandırmaq cəhdi kimi görünür. Bundan sonra “Bornmut”a qarşı yaxşı oynamaq və avrokuboklarda yeri təmin etmək lazımdı. Premyer-liqada həmişə gərgin rəqabət gedir. Bu, dünyanın ən mürəkkəb liqasıdı. Oyunçuların haqqını vermək lazımdı, qələbəyə tam layiq idik”.






