"Football-plus.az" xəbər verir ki, “Nyukasl”la ev oyununda heç bir problem yaşamayan “Mançester Siti” inamla yarımfinala adladı. “Şəhərlilər” imkanlarının maksimum 70 faizini ortaya qoydu. Qvardiolanın komandası artıq ilk yarıda 2 topluq üstünlük yaxaladı. Hər iki qolda uğur da Bernardo Silvanın yanında oldu, onun zərbələrini topun rəqib futbolçulardan səkməsi müşayiət etdi. “Sağsağanlar” hücumda çox zəif təsir bağışladı. Onlar oyunboyu Orteqanın qapısına cəmi iki zərbə vurdu. Bu zərbələrdən biri yetərincə təhlükəli oldu. Ancaq mançesterlilərin qapıçısı hissənin sonunda İsakın yaxın məsafədən perspektivli zərbəsinin qarşısını aldı. MS hesabı darmadağın həddinə də çatdıra bilərdi. Hər halda, qələbə qələbəddi, komanda növbəti mərhələyə vəsiqə qazanıbsa, qolları saymağa dəyməz.
“Vulverhempton” – “Koventri” oyunu cümə axşamı Levrkuzendə gördüyümüz dramatizmi xatırlatdı. “Canavarlar” 90 dəqiqəni öndə başa vursalar da, çempionşip təmsilçisi uzatma dəqiqələrində iki qol vurmaqla yarımfinala adladı.
Bazar günü növbəti 1/4 final oyunları keçirildi. “Çelsi” “Lester”lə oyunda özü-özünə problem yaratdı. İlk yarı tam “zadəganlar”ın tərəfində oldu. Onlar artıq 13-cü dəqiqədə Ceksonun asmasını tamamlayan Kukurelyanın sayəsində hesabı açdı. 26-cı dəqiqədə “Çelsi” penalti qazandı. Ancaq Sterlinq topu mərkəzə vurmaqla penaltini boşa verdi. Hər halda, londonlular fasiləyə qədər 2-ci qolu vura bildi – 1-ci uzatma dəqiqəsində elə həmin Sterlinqin asmasını tamamlayan Palmer fərqləndi. Belə düşünmək olardı ki, artıq oyunun taleyi həll olunub. Ancaq 2-ci hissənin əvvəlində topu öz qapısına göndərən Disasi intriqanı bərpa etdi. Bundan sonra londonlular “sındı” və tezliklə Mavididi hesabı bərabərləşdirdi. “Tülkülər” bir qədər də canlandı. Ancaq 73-cü dəqiqədə onlar azlıqda qaldı – Doyl “son ümid folu”na görə meydandan qovuldu. Diqqətini müdafiəyə yönəldən “Lester” sona qədər dözə bilmədi. Hakim 2-ci hissəyə 8 dəqiqə artırdı və “Çelsi” bu müddətdə iki qol vurdu. Maurusio Poçettionun dəyişiklikləri faydalı oldu – Çukvuemeka ilə Madueke fərqləndi. “Çelsi” bu mərhələdə də çempionşip təmsilçisini çətinliklə keçsə də, lazımi nəticəni qazandı. “Zadəganlar”ı kubokdan cəmi iki addım ayırır. Düzdü, onların müdafiədə belə oyunla titul qazanması çətin olacaq. “Lester” isə bundan sonra yalnız premyer-liqaya qayıtmaq uğrunda mübarizəyə köklənməlidi.
“Mançester Yunayted”lə “Liverpul” “Old Trafford”da əsl tamaşa göstərdi. Ten Haqın komandası hakimin start fiti səslənən kimi oyuna nə dərəcədə böyük önəm verdiyini göstərməyə başladı. Maktominey hesabı açandan sonra da mankunianlar oyunun axarına nəzarət edir, rəqib qapısı önündə daim təhlükəli vəziyyətlər yaradırdı. Yalnız hissənin sonunda “Liverpul” əzəmətini göstərdi. Qonaqlar Makallister və Salahın vurduğu qollarla fasiləyə öndə yollandı. 2-ci hissənin böyük zaman kəsiyində Kloppun komandası dominantlıq etdi. 3-cü qolu vurmaq baxımından bir neçə gözəl imkanı qaçıran qonaqlar sona yaxın buna görə cəzalandı. Sonradan meydana çıxan Antoninin vurduğu qol əlavə vaxtı zərurətə çevirdi. Əlavə vaxt üçün “Yunayted” futbolçularının qüvvəsi daha çox idi. Axı mankunianlar avrokuboklardan uzaqlaşıb, “Liverpul” isə sıx qrafiklə oynayır. Meydan sahibləri fəal təsir bağışlasa da, 105-ci dəqiqədə mersisaydlılar bir daha önə çıxdı. Təbii ki, “qırmızı şeytanlar” vəziyyəti dəyişmək üçün irəli atıldı. 2-ci 15 dəqiqədə bu mümkün oldu. Əvvəlcə Reşford bərabərlik qolunu vurdu. Lap sonda isə MY rəqibi əks-hücumda yaxaladı. Diallo komandasına əzmkar qələbə qazandı, ancaq formasını çıxardığına görə 2-ci sarı vərəqəni də aldı və yarımfinalda oynamayacaq. Beləliklə, “Liverpul” Kloppun son mövsümündə bütün titulları qazana bilməyəcək. MY-nin isə öz növbəsində bu uğursuz mövsümü titulla bitirmək şansı var.
1/4 final
Mançester Siti – Nyukasl 2:0
B.Silva, 13; 31.
MS: Orteqa, Uoker, Akanci, Diaş, Qvardiol, Rodri, Kovaçiç, Foden, B.Silva, Dokyu (Bobb, 77), Holann (Alvares, 87).
Mançester Yunayted – Liverpul 4:3
Maktominey, 10. Antoni, 87. Reşford, 112. Dyallo, 120+1 – Makallister, 44. Salah, 45+2. Elliott, 105.
MY: Onana, Van-Bissaka (Maquayr, 71), Varan (Dyallo, 85), Lindelöf (Maunt, 106), Dalot, Maynu (Eriksen, 80), Maktominey, Qarnaço, Fernandeş, Reşford, Heylunn (Antoni, 71).
Liverpul: Kelleher, Qomes (Simikas, 101), Kuansa, Van Diyk, Robertson (Bredli, 76), Endo, Makallister, Soboslai (Elliott, 72), Salah (Qakpo, 77), Nunyes, Dias (Klark, 113).
Çelsi – Lester (D-2) 4:2
Kukurelya, 13. Palmer, 45+1. Çukvuemeka, 90+2. Madueke, 90+8 – Disasi, 51-öz qapısına. Mavididi, 62.
Çelsi: Sançes, Hüsto, Disasi, Çaloba, Kukurelya (Çiluell, 90), Kaysedo, Qallaher, Palmer, Mudrik (Çukvuemeka, 78), Sterlinq (Madueke, 86), Cekson.
Vulverhempton – Koventri (D-2) 2:3
Ayt-Nuri, 84. Bueno, 88 – Simms, 53; 90+7. Rayt, 90+10.
Yarımfinal oyunları aprelin 20-də keçiriləcək: Mançester Siti – Çelsi, Koventri – Mançester Yunayted.
Reaksiyalar
Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Çox yaxşı səslənir. Bilirəm ki, finallarda qalib gəlmək üçün oynayırıq. Ancaq finala çıxmaq üçün də əvvəlki mərhələlərdə qələbə qazanmaq lazımdı. Liqa kubokunu ardıcıl 4 dəfə qazanmışıq, ardıcıl 6-cı dəfə də ölkə kubokunun yarımfinalında oynayacağıq. Bu gün çox yaxşı oynadıq, topla etibarlı davrandıq. Kovaçiç, Rodri, Bernardo topu çox yaxşı saxladı”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:
“Bundan artığını istəyə bilmərəm. Uşaqlar bütün gücünü qoydu. Bu nəticəni qəbul etmək lazımdı. “Yunayted” yarımfinala vəsiqəni haqq etdi. 2-ci hissədə elə zaman kəsiyi oldu ki, onda oyunun taleyini həll etməliydik, ancaq bunu bacarmadıq. Azarkeşlərimizə görə təəssüflənirəm”.
Erik ten Haq, MY-nin baş məşqçisi:
“Biz əsl komanda kimi oynadıq. Ancaq rəqib bizi üstələyirdi. Ardından dəyişikliklər etdik, riskə yol verdik, oyun daha baxımlı oldu. Köklənməmiz əla idi, qələbəyə inanırdıq. Gələcəyə baxan komandamız var”.
Faktlar
* MS məğlubiyyətsiz oyunlar seriyasını 22-yə çatdırdı – 19 qələbə, 3 heç-heçə. “Şəhərlilər” sonuncu dəfə ötən il dekabrın 6-da premyer-liqada “Aston Villa”ya 0:1 uduzub.
* MS ölkə yarımfinala yarımfinala vəsiqə sayına görə yeni rekord müəyyənləşdirdi. Bu komanda ardıcıl 6-cı dəfə bu mərhələdə oynayacaq. “Şəhərlilər” ölkə kubokunu 7 dəfə qazanıb (1904, 1934, 1956, 1969, 2011, 2019, 2023).
* Salah 2017-nin yayında “Liverpul”a keçəndən bəri MY-nin qapısına 13 dəfə yol tapıb.
* MY 11-ci dəfə “Liverpul”u kubok uğrunda mübarizədən kənarlaşdırdı. Yalnız “Liverpul” hansısa başqa komandanı bundan daha çox cəzalandırıb. “Qırmızılar” həmşəhərlilərinə - “Everton”a 12 dəfə əngəl olub.






