“Barselona”nın Kataloniya derbisindəki məğlubiyyəti “Real”ın çempionluğuna səbəb oldu.
“Jirona” 2-ci yeri əldən verməsə, qışda İspaniya Superkubokunda oynayacaq. “Atletik”, “Atletiko”, “Real Sosyedad” və “Betis” qələbə qazandı, “Valensiya” ilə “Vilyarreal” gözlənilmədən, uyğun olaraq, “Alaves”lə “Selta”ya uduzdu. “Kadis”dən 8 xal aralanan viqolular elitada qalmaq şansını artırdı. “Almeriya” və “Qranada” ilə yanaşı, “Kadis” də, çox güman, elita ilə vidalaşacaq.
Turnir cədvəlində vəziyyət elə idi ki, “Real” həm özü qələbə qazanmalı, həm də “Barsa”nın xal itkisinə ümid etməliydi. Madridlilər bu vəzifənin öhdəsindən asanlıqla gəldi. “Bavariya” ilə oyunla müqayisədə start heyətində 10 dəyişiklik olmasına rəğmən, “Real”, gözlənildiyi kimi, dominantlıq etdi. Hissənin sonunda Sebalyosun zərbəsinin qarşısını Ledesma aldı, Xoselu isə topu tirin üstündən vurdu. “Qalaktikos” 2-ci hissədə təzyiqi bir qədər də artırıb istəyinə nail oldu. “Kadis” oyun ərzindəki 2-ci real qol vəziyyətini boşa verəndən dərhal sonra Modriçdən ötürmə alan Dias uzaq “9-luğ”a dəqiq zərbə vurdu. Bir qədər sonra Modriçlə Dias yenicə oyuna qoşulan Bellingemin fərqi artırmasına yardım etdi. Sona yaxın Qomes və Alkaras intriqanı bərpa etmək şansını qaçırdılar. Uzatma dəqiqələrində isə bəxtsiz Xoselu, nəhayət, fərqlənə bildi. Qələbəsiz seriyası 4 oyuna çatan “Kadis” aşağı dəstəyə bir addım da yaxınlaşdı. Ançelottinin komandası isə bu rəqib üzərində mövsüm ərzindəki ikinci 3:0-dan sonra “Barsa” ilə xal fərqini 14-ə çatdırdı.
Kataloniya derbisi maraqlı keçdi. “Jirona” ilə “Barselona” azarkeşlərə parlaq futbol bəxş etdi. Düzdü, “göy-qırmızılar” saatın tamamından sonra “yuxuya getdi”. Bu oyunu Madriddə də xüsusi maraqla izləyirdilər. Axı “Real”ın erkən çempionluğu üçün “Barsa”nın büdrəməsi lazım idi. Və belə də oldu. Düzdü, ilk yarıda qonaqlar üstün oynadı. 4-cü dəqiqədə hesab artıq 1:1 idi. Kristensenin zərbəsinə Dovbik cavab verdi. Qol sayını 20-yə çatdıran ukraynalı bombardirlər yarışındakı liderliyini möhkəmlətdi. Bundan sonra “Barsa” bir müddət rəqibi meydanın özünə aid hissəsinə sıxdı. Həmin zaman kəsiyində dözən “ağ-qırmızılar” fasilə ərəfəsində üzüldü. Qutyerresin Yamala qarşı kobudluğuna görə təyin olunan penaltini Levandovski qola çevirdi. Fasilədən sonra oyun qarşılıqlı hücumlar şəraitində davam etdi. Əvvəlcə “Barsa” daha kəskin hücumlar qursa da, son yarım saatda meydan sahibləri istədiyini etdi. Miçelin 65-ci dəqiqədə meydana buraxdığı Portu dərhal hesabı bərabərləşdirdi. Bu qolda Roberto kobud səhvə yol verdi. “Barsa” özünə gəlməyə imkan tapmamış daha bir qol buraxdı. Bu dəfə Portu ötürmə verdi, Qutyerresin zərbəsindən sonra Kundeyə dəyən top tora daxil oldu. Ruh yüksəkliyi qazanan meydan sahibləri 74-cü dəqiqədə daha bir qol vurdu. Portu havada olan topu uzaq küncə göndərdi. “Barsa” bir daha oyuna dönə bilmədi. “Jirona” isə uzatma dəqiqələrində fərqi darmadağın həddinə çatdırmağa yaxın oldu. Ölkə nəhəngini cari mövsümdə 2-ci dəfə də 4:2 hesabıyla məğlub edən “Jirona” 2-ci pilləyə yüksəldi. “Barselona” bütün turnirlərdə keçirdiyi son 4 oyunda 3-cü məğlubiyyəti aldı. Xavini irəlidə çoxlu iş gözləyir. Hələlik isə “Real”ın növbəti çempionluğunu izləməyə məcburdu.
“Real Sosyedad” qələbəsiz oyunlar seriyasını bitirdi. Basklar “doğma divarlar” arasında mövsümün sonunda açıq-aşkar motivasiyasız qalan “Las-Palmas”ın öhdəsindən gəldi. Onlar artıq ilk yarıda oyunun taleyini həll etdi. Qonaqlar oyunun əvvəlində hücuma hücumla cavab versələr də, irəlidə ciddi nəsə düşünə bilmirdilər. Daha kəskin hücumlar quran “Real Sosyedad” 33-cü dəqiqədə hesabı açdı. Fəal Bekkerin asmasından sonra qapıçının qaytardığı top Suaresdən səkərək tora düşdü. Üstəlik fasiləyə qədər “Real Sosyedad”ın “11 nömrə”si özü də fərqləndi. Bekker iti bucaq altından effektli zərbə vurdu. Meydan sahibləri 2-ci hissədə də dəfələrlə təhlükəli vəziyyət yaratdı. Ancaq fərq nə artdı, nə də azaldı. “Real Sosyedad” bu qələbə sayəsində “avrokubok zonası”nda yerini möhkəmlətdisə, “Las-Palmas” elitadakı yerinə görə narahat olmaya bilər.
34-cü tur
Real – Kadis 3:0
Dias, 51. Bellingem, 68. Xoselu, 90+3. (72654)
Real: Kurtua, Qarsiya, Naço, Militao, Karvaxal, Modriç, Kamavinqa (Valverde, 80), Sebalyos, Dias (Vinisius, 73), Gülər (Bellingem, 66), Xoselu.
Jirona – Barselona 4:2
Dovbik, 4. Portu, 65; 74. Qutyerres, 67 – Kristensen, 3. Levandovski, 45+1-p. (14090)
Jirona: Qassaniqa, Qutyerres, Blind, Lopes (Portu, 65), E.Qarsiya, Martin, A.Qarsiya, Errera, Savio (Fernandes, 86), Sıqankov (Kouto, 64), Dovbik.
Barselona: Ter Ştegen, Kanselo, Kubarsi, Arauxo, Kunde, Gündoğan, Kristensen (Pedri, 69), Roberto (Romeu, 79), Lopes (Rafinya, 69), Yamal (Feliş, 84), Levandovski (Torres, 79).
Malyorka – Atletiko 0:1
Rikelme, 5. (20519)
Atletiko: Oblak, Ermoso (Molina, 46/Saviç, 90), Ximenes, Vitsel, Rikelme, Aspilikueta (Mandava, 90), Barrios, Koke, Lyorente, Lino (Morata, 83), Korrea (De Paul, 80).
Xetafe – Atletik 0:2
İ.Uilyams, 27; 51. (12149)
Real Sosyedad – Las-Palmas 2:0
Suares, 33-öz qapısına. Bekker, 45+1. (29330)
Osasuna – Betis 0:2
Peres, 41. Fornals, 45+3. (18300)
Selta – Vilyarreal 3:2
Aspas, 22-p. Strand Larsen, 39. Duvikas, 82 – Moreno, 12. Gedeş, 65. (19548)
Valensiya – Alaves 0:1
Lopes, 68. (44643)
Rayo Valyekano – Almeriya 0:1
Losano, 30. (10684)
Sevilya – Qranada 3:0
Akunya, 11. Ən-Nəsiri, 51. Lukebakio, 80. (32658)
1. Real 34 27 6 1 74-22 87
2. Jirona 34 23 5 6 73-42 74
3. Barselona 34 22 7 5 70-43 73
4. Atletiko 34 21 4 9 63-39 67
5. Atletik 34 17 10 7 55-33 61
6. Real Sosyedad 34 14 12 8 48-35 54
7. Betis 34 13 13 8 43-39 52
8. Valensiya 34 13 8 13 37-39 47
9. Vilyarreal 34 12 9 13 56-58 45
10. Xetafe 34 10 13 11 41-47 43
11. Alaves 34 11 8 15 32-38 41
12. Sevilya 34 10 11 13 45-46 41
13. Osasuna 34 11 6 17 37-51 39
14. Las-Palmas 34 10 7 17 30-43 37
15. Selta 34 8 10 16 40-52 34
16. Rayo Valyekano 34 7 13 14 27-43 34
17. Malyorka 34 6 14 14 27-40 32
18. Kadis 34 4 14 16 23-49 26
19. Qranada 34 4 9 21 36-64 21
20. Almeriya 34 2 11 21 33-67 17
Bombardirlər: Dovbik (Jirona) – 20, Bellingem (Real) - 18, Sörlot (Vilyarreal), Levandovski (Barselona) - 17, Budimir (Osasuna) – 16.
Növbəti turun oyunları mayın 10-13-ü aralığında keçiriləcək: Alaves – Jirona, Malyorka – Las-Palmas, Vilyarreal – Sevilya, Qranada – Real, Atletik – Osasuna, Kadis – Xetafe, Atletiko – Selta, Valensiya – Rayo Valyekano, Betis – Almeriya, Barselona – Real Sosyedad.
Turun rəqəmi
25 – Modriç “Real”ın heyətində qazandığı titul sayını bu həddə çatdırdı. 2012-ci ildə Madridə təşrif buyuran xorvatiyalı bu göstəricidə Marselo və Benzema ilə birgə liderliyi bölüşür. Modriç həm də “Real”ın heyətində çempionat oyununa çıxan ən yaşlı futbolçu oldu. “Kadis”lə oyun günü 38 yaş 238 günlük olan Luka Ferents Puşkaşın 1965-ci ildə müəyyənləşdirdiyi rekordu (38 yaş 233 gün) qırdı.
Turun ulduzu
Portu (Jirona) – turun mərkəzi oyununda sonradan mübarizəyə qoşulan yaşlı forvard cəmi 10 dəqiqə ərzində “Barsa”nın qapısına vurulan üç qolda iştirak etdi. Bir sözlə, oyunun axarını dəyişdi. Onu turun ulduzu saymaq üçün hər cür əsasımız var.
Turun sitatı
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: