“Sumqayıt”ın “Sabah”la oyundan məğlub ayrılmasının əsas səbəbkarlarından biri Murad Xaçayev idi.
Belə ki, futbolçu həm rəqibin ilk qolunda pay sahibi oldu, həm də avtoqola imza atdı. Ümumiyyətlə, təcrübəli müdafiəçinin qarşılaşmayla bağlı fikirlərini öyrənməyə çalışdıq:
“Qarşılaşmaya yaxşı başlamışdıq. Maraqlı oyun oldu. Təbii ki, heç kim uduzmaq istəmirdi. Mənim iki səhvimə görə iki qol buraxdıq. Buna baxmayaraq sona qədər mübarizə apardıq. İstədik ki, qollar vurub hesabı öz xeyrimizə dəyişək. Təəssüf ki, alınmadı”.
- Yığmanın martda keçiriləcək oyunlarına ehtiyat oyunçu kimi dəvət almısan. Bu haqda düşüncələrin nədi?- Hər kəs milli komandada oynamaq istəyir və hamı da ordan təklif gözləyir. İnşallah, növbəti dəfə ehtiyat oyunçu yox, əsas oyunçu kimi dəvət alacam.
- Az öncə səhvlərinə görə məğlub olduğunuzu dedin. Amma ikinci hissədə daim hücumda olan “Sumqayıt” olsa da, sadəcə, hesab arasındakı fərqi azalda bildiz, qaçırdığınız epizodlar da oldu. Məğlubiyyət tək sənin səhvlərinə görə idi, yoxsa şanssızlıq da var?- Fərdi səhvlərə görə məğlub olduq. Komanda çox vuruşdu, çalışdı, hücum qurdu. Amma top qapıdan keçmədi. İnşallah, növbəti qarşılaşmalarda belə səhv olmayacaq.
- 2-ci yeri əldən verdiz. Səncə, bundan sonra yenidən ora qayıda biləcəksiz?- Bütün komandalar xal baxımından bir-birinə yaxındı. Bir oyunda qələbə qazanıb ikinci pilləyə yüksəlirsənsə, o birində məğlub olanda beşinci pilləyə düşürsən. Ona görə də növbəti oyunlarda qələbə qazanmağa çalışacağıq ki, yenidən ikinici pilləyə qayıdaq.
KAMAL SƏFƏR