Voleybol üzrə Avropa çempionatı ölkəmizdə keçiriləcək!

14.03.2024 23:30 163
İdman / Manşet
Ölkəmiz qadın voleybolçular arasında Avropa çempionatına evsahibliyi edəcək.

Gürcüstanla birgə keçirdiyimiz AÇ-2017-dən 9 il sonra yenidən bu hüquqa sahib çıxmışıq.

4 qrupdan birinə evsahibliyi edəcəyik. Qarşılaşmalar 2017-ci ildə olduğu kimi, yenə Milli Gimnastika Arenasında təşkil olunacaq. Serbiyanın çempion olduğu həmin yarışda Azərbaycan Avropanın ən güclü 4 komandasından biri olub. 2026-cı ildə yayın sonuna planlaşdırılan turnirdə ümumilikdə Avropanın 24 ən yaxşı komandası iştirak edəcək. Bu komandalardan 6-sı məhz Bakıda mübarizə aparacaq. Ölkəmizlə yanaşı, Çexiya və İsveçin AVRO-2026-ya birgə evsahibliyi edəcəyi artıq təsdiqlənib. Yeri gəlmişkən, qadınlardan ibarət yığmamız birbaşa Avropa çempionatına qatılacaq. Kişilərdən ibarət yığma isə təsnifat mərhələsində oynayacaq.

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç qitə birinciliyinin təşkilninin ölkəmizə tapşırılması ilə bağlı fikirlərini bölüşüb:

“Biz əminik ki, Avropa çempionatı Azərbaycan yığmasının hazırkı üzvləri, eləcə də gənclər üçün böyük stimul olacaq, gələcək nəsil azərbaycanlı oyunçuları ruhlandıracaq. Biz onlarla işləməyi səbirsizliklə gözləyirik. Əminik ki, Azərbaycan Voleybol Federasiyası yarışın yenə yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək”.


GÜNAY SÜLEYMANOVA