Ötən həftəsonu Yunanıstan çempionatında pley-off həyəcanı başladı.
Çempionluq pley-offunun ilk turu ölkə futbolunun bir nömrəli oyununa - ''Olimpiakos'' ilə ''Panatinaikos''un duelinə səhnə oldu. Afina təmsilçisinin Fatih Terimin təyinatından bu yana iddialı rəqiblərə qarşı daha inamlı təsir bağışlaması faktı bu oyunda bir daha təsdiqini tapdı. ''Panatinaikos'' səfərdə oynamasına, üstəlik hesabda geri düşməsinə baxmayaraq çox inamlı qələbə qazandı. 23-cü dəqiqədə Podense meydan sahiblərini hesabda önə keçirsə də, qonaqlar sabiq ''Trabzonspor''lu Bakasetas, eləcə də İoannidisin qolları ilə hələ fasiləyə qədər hesabda önə keçdi. Komandasının əsas qol silahlarından olan İoannidis ikinci hissədə daha bir qol vuraraq yekun nəticəni müəyyənləşdirdi. ''Panatinaikos''un Terimin istəyi ilə ''Fənərbaxça''dan icarəyə götürdüyü mərkəz müdafiəçisi Samet Akaydın 90 dəqiqə meydanda oldu. Bu mükəmməl qələbə ilə 3-cü pilləyə yüksələn ''Pana'' liderliyi geri alan AEK ilə xal fərqini 3-ə endirdi.
Qeyd edək ki, Terimin ''Panatinaikos''u ölkə kubokunun 1/8 finalında da penaltilər seriyasında üstün olaraq əzəli rəqib ''Olimpiakos''u mübarizədən kənarlaşdırmışdı. Afina nəhəngi çempionluq pley-offunun 2-ci turunda öz meydanında PAOK ilə qarşılaşacaq.
ƏLİ