Yunanıstan çempionatında dünən 16-cı tura start verildi.
"Football-plus.az" xəbər verir ki, Fatih Terimin təyinatından sonra təbii ki, ''Panatinaikos''a da maraq artıb. ''İmperator''un yeni macərası uğurlu başladı. 2-ci pillədə qərarlaşan ''Panatinaikos'' sonuncu pillədəki ''Yannina'' ilə ev oyununda problem yaşamadı və 2 cavabsız qolla inamlı qələbə qazandı. Lider PAOK da turu qələbə ilə başa vurduğundan zirvədə 1 xallıq fərq dəyişmədi. Türkiyə futbolunda böyük bir iz buraxmış mütəxəssislərdən olan Terimin məşqçi karyerasında maraqlı bir seriya mövcuddu. Belə ki, o, indiyə qədər çalışdırdığı 5 elita klubunun başında çempionat çərçivəsində keçirdiyi ilk ev oyununun hamısında qələbə ilə ayrılıb!
''Panatinaikos''a qədər Terim bunu 1987-də ''Ankaragücü'' (''Sarıyer''ə qarşı 1:0), 1996-da ''Qalatasaray'' (''Trabzonspor''a qarşı 1:0), 2000-də ''Fiorentina (''Reccina''ya qarşı 2:1) və 2001-də ''Milan'' (''Fiorentina''ya qarşı 5:2) ilə bacarmışdı.
ƏLİ