“Qarabağ” – “Bayer-04” oyununa bilet tapmayanlar üçün şad xəbər – RƏSMİ

5.03.2024 21:50 1 405
Manşet / Avropa Liqası
Avropa Liqasının 1/8 finalının “Qarabağ” – “Bayer-04” oyunu üçün onlayn satılan biletlər tükənib.

“Football-plus.az” xəbər verir ki, artıq “İticket.az” saytında satış həyata keçirilmir. Bəs dövriyyəyə əlavə biletlər buraxılacaqmı?

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin saytımıza verdiyi məlumata görə, tezliklə satışa az sayda bilet çıxarılacaq. Onun da qısa müddətdə satılacağı gözlənilir. Çünki oyuna hədsiz yüksək maraq var.

Klub rəsmisi “İticket.az” saytının bir neçə gün öncə çökməsinə və azarkeşlərin ciddi narazılığına səbəb olan hadisələrin yaşanmasına da aydınlıq gətirdi:

“Proses diqqət mərkəzimizdədi. Həmişə məqsədimiz tərəfdarların bu yöndə problem yaşamamasına nail olmaqdı. Bununla bağlı qarşı tərəflə hər dəfə sıx əlaqədə oluruq. Bütün məsələlər ətraflı müzakirə olunur. Bilindiyi kimi, biletlərin onlayn satılması müasir dövrün yeniliyidi. Belə fors-major hallar çoxlu sayda insanın eyni anda sayta axın etməsiylə bağlıdı. Çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün əlimizdən gələni edirik. Azarkeşlərimiz əziyyət çəkməməsi və hər dəfə daha yaxşı iş ortaya qoymaq üçün çalışırıq”.


KƏNAN BAHADIR