“Braqa” – “Qarabağ” oyununun danimarkalı hakiminin üzərinə yetərincə böyük yük düşdü.
İki penalti qərarı, dəfələrlə VAR-a müraciət, komandaların meydanın hər qarışı uğrunda amansız mübarizəsi... İnsafən, Morten Kroq ədalətli davrandı, meydan sahiblərinə zərrəcə simpatiya göstərmədi – amma bu, “Futbol+”in reportyorunun idarəçiliyə baxışıdı.
Bəs peşəkarlar nə düşünür? Kroqun idarəçiliyini dəyərləndirmək üçün Fariz Yusifova müraciət etdik:
“İlk növbədə hər bir azərbaycanlı kimi, mən də istərdim Qurban müəllimi təbrik edim. Ölkəmizin fəxri olan “Qarabağ” bir daha bizi sevindirdi. Bir inspektor kimi oyunu diqqətlə izlədim. Danimarkadan olan hakimlər oyuna tam hazır idi. Davranış, psixologiya, hakimlik üslubu ilə bunu hər addımda göstərdilər. Hakimin peşəkarlığı elə ilk 15 dəqiqədə hiss olunmalıdı. Oyun hakim üçün o qədər də ağır keçmədi. İki dəfə VAR-a baxdı və iki penalti təyin etdi. Sözün bütün mənalarında hakimlərin işini qənaətbəxş saymaq olar. İlk növbədə baş hakimdən başlayım.
Nizam-intizama nəzarəti, qətiyyəti, köməkçilərlə əlaqəsi, verdiyi qərarların komandalar və azarkeşlər tərəfindən qəbulu kənardan çox yaxşı görünürdü. Üç sarı vərəqə göstərdi. Mateus Silva 30-cu dəqiqədə yersiz hərəkətə görə haqlı cəzalandı. Hissənin sonunda isə hakim məhz Silvaya qarşı kobudluğun ardından etiraza görə Ruisə sarı vərəqə göstərdi. Romaoya verilən vərəqəyə də etiraz etməyə dəyməz. Hakimin köməkçiləriylə əlaqəsi çox yaxşı idi. Baxmayaraq ki, Kroq elə də təcrübəli hakimə oxşamırdı. Amma meydanda tutduğu mövqedən, oyuna baxışından hiss olunurdu ki, futbolu başa düşür, oyun qaydalarını bilir. Elvin Cəfərquliyevin qayda pozuntusu mənə qaranlıq qaldı.
Məncə, hakim orda sarı vərəqə verməliydi. Penalti qərarlarında çox qətiyyətli davrandı. 2-ci penaltidə oyunçumuz yersiz qayda pozuntusu etdi. Qərar düz idi və hakimi dəstəklədim. Amma Mateusa 2-ci “sarı”nı verə də bilərdi, verməyə də. Oyunun ab-havasını nəzərə alsaq, hakimlik çox yüksək səviyədəydi”.
ƏSƏD SEYİDOV