Nəhayət, uzun sürən istintaq və məhkəmə prosesinə yekun vurulub. Kvinsi Promesin aqibəti müəyyənləşib.
Amsterdam məhkəməsi “Spartak”ın hücumçusunu narkotik qaçaqmalçılığı ittihamı ilə təqsirli bilib. Promes 6 il müddətinə azadlıqdan məhrum edilib. Bir müddət əvvəl onun təxminən 1370 kq ağırlığında külli miqdarda kokainin qaçaqmalçılığında iştirak etdiyi haqda xəbər yayılmışdı. Hüquq-mühafizə orqanlarının bu qədər narkotik maddəni 2020-ci ildə Belçikanın Antverpen şəhərinin limanında müsadirə etdiyi məlum olmuşdu. Prokuror yanvarın 24-də keçirilən və səbəbkarın iştirak etmədiyi məhkəmə iclasında 32 yaşlı futbolçunun 9 il müddətinə həbsini istəmişdi.
Yeri gəlmişkən, bu Kvinsinin üzləşdiyi yeganə problem deyil. Niderland millisinin sabiq oyunçusu 2020-ci ilin iyulunda əmisi oğlunu bıçaqlamışdı: qonaqlıq zamanı qohumuna soyuq silahla bir neçə xəsarət yetirmişdi. Məhkəmə buna görə ona 2023-cü il iyunun 19-da 1,5 illik həbs cəzası kəsmişdi. Lakin hökm veriləndən sonra Niderlanda getməyən futbolçu real olaraq məsuliyyətə cəlb olunmayıb. Qərardan apellyasiya verən Promesin şikayətinə fevralın 20-də baxılacaq. Bu ayın 6-da Amsterdam Apellyasiya Məhkəməsi onun əmisi oğluna kompensasiya ödəməli olduğuna qərar verib. Lakin təzminatın məbləği daha sonra müəyyən ediləcək.