Ölkəni silkələyən qatil respublika birincisi olan güləşçidi? - AÇIQLANDI

15.02.2024 12:57
Aktual / İdman
Srağagün Xətai rayonunda amansız qətllər seriyası baş verib.

1972-ci il təvəllüdlü Mehman Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Əhmədin 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bütöv bir ailəni məhv edən 25 yaşlı Əhməd Əhmədovun güləş üzrə respublika birincisi olduğu bildirilir. Hətta onun psixi pozğunluğu Masallıda keçirilən yarışda iştirakı ilə əlaqələndirilir. İddiaya görə, həmin yarışda başından zədə alıb. Həqiqətənmi Əhməd Əhmədov respublika birincisi olub? Bu haqda daha ətraflı öyrənmək üçün Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı ilə əlaqə saxladıq:

“Ola bilər güləşçidi. Lakin respublika birincisi olması yalan məlumatdı. Araşdırdım və yığma səviyyəsində güləşən elə bir idmançı olmayıb. Ola bilər aşağı yaşlarda güləşib, lakin nəticəsi olmayıb. Olsa, ən azı tanıyardıq. Biz ancaq yığma komanda üzvü olan idmançıları bilirik. Nəinki Güləş Federasiyası olaraq, adi bir insan kimi də belə hadisənin yaşanmasına pis baxırıq və bunu qınayırıq. Heç bir izahı olmayan dəhşətli faciədi. İstər idmançı olsun, istərsə də siravi vətandaş, heç kimin belə hadisə törətməyə haqqı yoxdu”.

GÜNAY SÜLEYMANOVA