Səudiyyə Ərəbistanının hakimiyyət orqanları dünyanın ən güclü tennisçilərinin qatılacağı yeni superturnir keçirəcəyini elan edib.
“Football-plus.az” xəbər verir ki, “6 Kings Slam” (6 kralın dəbilqəsi) adlanan turnir bu ilin oktyabrında Ər-Riyadda keçiriləcək. Turnirə dəvət olunan tennisçilərin adları da məlumdu: Daniil Medvedev (Rusiya), Novak Cokoviç (Serbiya), Yannik Sinner (İtaliya), Holger Rune (Danimarka), Rafael Nadal, Karlos Alkaras (hər ikisi İspaniya).
Turnirə qatılacaq məşhur tennisçilərin indiyə qədər qazandığı “Böyük dəbilqə” sayı 50-di. Cokoviç, ümumiyyətlə, bu göstəricidə kişilər arasında rekordçudu (24). “The Telegraph”ın yaydığı xəbərə görə, 6 tennisçinin hər biri təkcə elə iştiraka görə 1,5 milyon dollar alacaq. Turnirin qalibinin isə 6 milyon dollardan artıq qazanmaq imkanı var. Müqayisə üçün xatırladaq ki, builki “Australian Open”in kişilər arasında turnirinin qalibi Sinner mükafat fondu kimi 2 milyon dollara yaxın qazanıb.