Söhbət son mövsümü İsveç “Kalmar”ında keçirən 27 yaşlı Dəniz Hümmətdən gedir. Öncəliklə qeyd edək ki, bu futbolçu Türkiyənin U-21 də daxil olmaqla aşağı yaş qrupu yığmalarında çıxış edib. Dəniz 2023-cü ilin martında “Rizəspor”dan “Kalmar”a keçib. Malmö futbol məktəbinin yetirməsi İsveçin bir neçə komandasında meydana çıxıb. O, ötən mövsüm “Kalmar”ın heyətində 18 oyunda meydana çıxaraq 9 qolla yadda qalıb. Belədə kollektivinin bombardiri olub. Musaya isə İsveçdəki debüt mövsümündə 17 dəfə şans verilib. Nəticədə hücumçu 3 qol, 1 məhsuldar ötürmənin müəllifi olub.
Görünür, Musanı Dənizlə ciddi rəqabət gözləyir. O, arxa planda qalmamaq üçün özünü ən yaxşı tərəfdən göstətməyə məcburdu. Bəs Musa mövqe üzrə rəqibi olan futbolçu ilə yarışda nə dərəcədə şanslıdı?
Bu suallarla menecer Tural Əsgərliyə müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:
“Mən Dənizi tanıyıram. Fikrimcə, Musa ondan daha səviyyəli futbolçudu. Yaş fərqini, təcrübəsini nəzərə almadan deyə bilərəm ki, bu hücumçu Musaya rəqib olacaq gücdə deyil. Millimizin üzvü daha perspektivlidi”.
Qeyd edək ki, İsveçdə yeni mövsümə martın 31-də start veriləcək. “Yurqorden” ilk matçını aprelin 1-də səfərdə “Göteborq”a qarşı keçirəcək.
KƏNAN BAHADIR






