“Xətai özünə nə sərf edirsə, onu danışır” – Mahmud Sadıqovdan milli üzvünə irad

1.02.2024 16:29 194
Ölkə futbolu / Manşet
Ölkə futzalında başverənlərdən xəbərdarsız. Ümumi mənzərənin ürəkaçan olmadığını bilirsiz. Bu haqda bir neçə gün əvvəl “Futbol+”də ətraflı danışmışdıq.

Diqqətçəkən məqamlardan biri kimi Xətai Bağırovla İsa Atayevin “Araz-Naxçıvan”dan ayrılmasının səbəblərini, həmçinin onların yığmanın və Muxtar Respublika təmsilçisinin baş məşqçisi Vitali Borisovla münasibətlərinin araşdırılmasının vacibliyini vurğulamışdıq. Bugünlərdə mediaya çıxan Xətai Bağırov “Vitali Borisov milliyə məşqçi kimi tam hazır deyil” sözləriylə çoxunda çaşqınlıq yaratdı. Bəlkə də minifutbol millisindən dəvət gözləyən idmançı futzaldan əlini üzdüyündən “gəmiləri yandırmağa qərar verib”. Daha öncə də “Vitali Borisovun nə dediyi mənim üçün önəm daşımır” deyən Xətai bəy, görəsən, nəyə eyham vurur? Ümumiyyətlə, futzalçıyla Vitali Borisov arasındakı problemin səbəbi nədi?
Bu sullarla Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqova müraciət etdik. Onun “Football-plus.az”a dedikləri:

“Bəli, Xətainin son açıqlamalarıyla tanışam. Xəbəri öyrənən kimi özü ilə əlaqə saxlayıb irad bildirmişəm. Belə olmaz axı. Lazımsız sözlərdi. Joze Alesio da Silvanın dönəmində baş məşqçidən ən çox şikayətlənən məhz Xətai idi. İndi də Vitali Borisovdan narazılıq edib deyir ki, Alesio daha yaxşı idi. Bəs onda niyə şikayətlənirdin? Xətai Bağırov özünə nə sərf edirsə, onu danışır”.

KƏNAN BAHADIR