Bildiyiniz kimi, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı yanvarın 17-də keçirilən iclasında “Sabah”ın “Araz-Naxçıvan”la oyunla bağlı şikayətini təmin etməyib.
Gənclər Liqasının 19-cu turu çərçivəsində dekabrın 23-də Aviasiya Akademiyasının stadionunda keçirilən bu oyun 15-ci dəqiqədə dayandırılıb. Sonradan AFFA İntizam Komitəsi (İK) məsələni müzakirəyə çıxarıb, stadionda təhlükəsizlik nümayəndəsi olmadığı üçün oyun dayandığına görə Naxçıvan təmsilçisinə xəbərdarlıq edib və qarşılaşmanın dayandırıldığı vaxtdan (1:1 hesabı saxlanılmaqla) yenidən təşkilini məqsədəuyğun sayıb.
Amma “Sabah” düşərgəsi yenə narazıdı. Bu komandanın çalışdırıcısı Saşa Yunisoğlu “Futbol+”ə danışdı:
“Aviasiya Akademiyasının stadionunda keçirilən oyun polis gəlmədiyi üçün yarım saat gec başladı. Oyun başladı və 15-ci dəqiqəyə kimi hesab 1:1 idi. 15-ci dəqiqədən sonra polis yenidən getdi. Belədə oyun dayandırıldı. Biz də fikirləşdik ki, oyun dayanıbsa, lap yaxşı, rəqibə texniki məğlubiyyət veriləcək. Bir həftə sonra bizə dedilər ki, oyun qaldığı yerdən davam etməlidi. Sizcə, bu necə ola bilər? Dünyada analoqu olmayan qərardı. Yanvarın 17-də AFFA yenidən qərar verdi ki, oyun qaldığı yerdən davam etməlidi. Həm bizdən, həm də rəqib komandadan bəzi futbolçular başqa kluba keçib. Amma oyun qaldığı yerdən davam etdirilirsə, eyni protokol, eyni futbolçular olmalıdı. Həqiqətən gülməli, məntiqsiz və biabırçı qərardı”.
ƏSƏD SEYİDOV