“Football-plus.az” məsələnin mahiyyətini anladır. Gənclər Liqasının 19-cu turu çərçivəsində dekabrın 23-də Aviasiya Akademiyasının stadionunda keçirilən bu oyun 15-ci dəqiqədə dayandırılıb. Sonradan AFFA İntizam Komitəsi (İK) məsələni müzakirəyə çıxarıb, stadionda təhlükəsizlik nümayəndəsi olmadığı üçün oyun dayandığına görə Naxçıvan təmsilçisinə xəbərdarlıq edib və qarşılaşmanın dayandırıldığı vaxtdan (1:1 hesabı saxlanılmaqla) yenidən təşkilini məqsədəuyğun sayıb. Bu məsələnin məğzini aydınlaşdırmaq məqsədilə “Araz-Naxçıvan”ın mətbuat katibi Mahal Məmmədovla əlaqə saxladıq:
“Təhlükəsizlik nümayəndəsi deyiləndə polis əməkdaşı nəzərdə tutulur. Əslində matçın ilk 15 dəqiqəsinə kimi polis əməkdaşı stadionda idi. Lakin həmin dəqiqədə təhlükəsizlik əməkdaşına dövlətlə bağlı çağırış gəldiyindən, stadionu tərk etməyə məcbur oldu. Arenada polisin olmadığını görən hakim matçı dayandırdı. Biz bunu görüb yeni polis briqadasının çağrılması üçün müraciət etdik. Daha sonra polislər stadiona gəlsə də, artıq oyun dayandırılmışdı. Hakim yenidən oyunun davam etməsini istəmədi. Deyildiyi kimi, oyun qaldığı yerdən, 1:1 hesabı ilə davam edəcək”.
ƏSƏD SEYİDOV



