Baş məşqçi Samir Abasovun fikrincə, növbəti matçlarda hər hansı uğursuzluq yaşansa bu, məhz yeni oyunçunun alınmamasıyla bağlı olacaq. Bəllidi ki, baş məşqçinin sözləri həm də rəhbərliyə irad xarakteri daşıyır. Hər halda, “gənclik şəhəri” təmsilçisi bir çox oyunlarda zədəlilərin say çoxluğuna görə istədiyi performansı göstərməyib və nəticədə vacib xallar itirilib. Düzdü, heç bir komandaya arzulamırıq, lakin belə bəxtsizliklərdən “sığortalanmaq” mümkün deyil. Samir bəy də bunu yaxşı dərk edir. Odu ki, ən azı özünü “sığortalamaq” üçün rəhbərliyi hədəf göstərir...
Bilirik ki, “Sumqayıt” çətinliklərə baxmayaraq, turnir cədvəlinin yuxarı pillələrindədi. Komandanın adı Konfrans Liqasına vəsiqə qazanmaq ehtimalı olanlar sırasında çəkilir. Və mövsüm irəlilədikcə müəyyən geriləmə müşahidə olunsa, bu, birbaşa yeni futbolçunun transfer edilməməsiylə əlaqələndiriləcək.
Qeyd olunanlarla bağlı “Sumqayıt”ın “kimyaçılar” fanklubunun rəhbəri Samir Mirzəyevlə danışdıq. O, “Football-plus.az” açıqlamasında Samir Abasova və kollektivinə inandıqlarını dedi:
“Transfer məsələsi haqda danışmaq istəmirəm. Düşünürəm ki, komanda hələ də tam gücünü göstərə bilmir. Hələ bu formada ikən yaxşı nəticələr qazanıblar. Sözsüz, zaman keçdikcə futbolçular tam gücünü ortaya qoyacaq. Biz başda Samir müəllim olmaqla hər kəsə güvənirik, inanırıq. Bacaracaqlar. Təbii ki, zədə bəlasından xilas olsaq... İnanın ki, “Sumqayıt” çox çətin günlərdən keçir. Bu qədər zədə olar? Allah uzaq etsin, komanda mövsümü 3-cü demirəm, 2-ci yerdə bitirməsə, əziyyət heyif olacaq. Çox üzüləcəyik. Çünki bu heyətlə mövsümün sonunda gümüş medallara yiyələnmək olar. Konfrans Liqasına da yollanacağıq. Təki zədəlilər sağalsın, hər biri komandaya kömək edə bilsin”.
KƏNAN BAHADIR



