Şahin Diniyevin komandasında heyətlə bağlı ciddi problemlərin olduğu bəllidi. Ağabala Ramazanovun taleyi haqda bu gün ən son məlumatı təqdim etmişik. Lakin David Qomis, Süleyman Əhmədov, və Cabir Əmirlinin də zədəli olduğu bəllidi. Bundan başqa, "dənizçilər"in ev oyunlarını keçirdiyi "ASCO Arena"da işıqlandırmayla bağlı ciddi problemin olduğunu yazmışdıq. Bu üzdən kollektivin axşam saatlarında meydana çıxması mümkünsüzə çevrilmişdi.
Qeyd olunanlarla bağlı ən son yenilikləri öyrənmək məqsədilə "Səbail"in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla danışdıq. Onun "Football-plus.az"a söylədikləri:
"Cabir Əmirlinin zədəsi tam sağalıb. O, Türkiyədə keçirilən təlim-məşq toplanışında da iştirak edib. Durumu yaxşıdı və komandayla birgə məşqlərə davam edir. Süleyman Əhmədov qarşıdan gələn həftənin ikinci günündən kollektivə qoşulacaq. David Qomis isə uzun müddətə sıradan çıxıb. Çarpaz bağlarına qopmalar var. Dekabrda əməliyyat olunub. Həkimlər 6 ay müddətinə sıradan çıxdığını bildirir. Cari mövsümün sonuna qədər komandaya qoşulub-qoşulmayacağı dəqiq deyil. Stadiona gəlincə, təmir işləri davam edir. İş yükü çox olan problemdi. Hazırda transfarmatoru tam bərpa etməyə çalışırıq".
KƏNAN BAHADIR




