Təlim-məşq toplanışı üçün Türkiyəyə yollanan klublarımızın səfəri başa çatdı.
Ölkə klubları yoxlama oyunlarında necə təsir bağışladı? Hava şəraiti hazırlığa təsir etdimi? Avropa və Asiyadan olan rəqiblərlə oyunlardakı ardıcıl darmadağınlara görə həyəcan təbili çalmağa dəyərmi?
Bu suallara cavab tapmaq üçün təcrübəli menecer Vaqif Heydərlinin fikirlərini öyrənməyə çalışdıq:
“Antalyada təlim-məşq toplanışı keçən komandalarımızın yoldaşlıq oyunlarını izlədim. Həyəcan təbili deyəndə ki, bunlar yoxlama qarşılaşmalarıdı, belə nəticələrin qeydə alınması normal haldı. Nəzərə almaq lazımdı ki, komandalar, oyunçular fiziki yükləmələr altında meydana çıxır. Bütün futbolçular sınaqdan keçirilir, məşqçilər hər biriylə fərdi məşğul olur. Məncə, hazırlıq matçları həmişə olduğu kimi, böyük komandaların əsl gücünü səciyyələndirmir. Ona görə də heç bir narahatlığın olmasını vacib görmürəm. Klublar haqqında əsas düşüncəm rəsmi qarşılaşmalardan sonra olacaq. Çünki hazırlıq dönəmində çalışdırıcılar komandalarına ağır məşqlər keçirlər - istər fiziki, istərsə də taktiki cəhətdən. Və çempionat oyunlarına yaxın ideal formaya gətirməyə çalışırlar. Ona görə də hansısa komandanın nə səviyyədə olduğunu rəsmi matçlardan sonra bilmək olar”.
KAMAL SƏFƏR