Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıb.
"Football-plis.az" xəbər verir ki, Zaur Hacıyev qadın voleybolçular arasında Çağırış Kubokunda 1/4 final mərhələsinin matçında iş başında olacaq.
O, Türkiyənin “Nilüfər Bələdiyə Bursa” və Rumıniyanın “C.S.M. LUGOJ” klublarının qarşılaşmasında ikinci hakim olacaq. İlk görüşdə qonşu ölkə təmsilçisi səfərdə qələbə qazanıb - 3:1.
Digər beynəlxalq dərəcəli hakim Fuad Ağayev isə CEV kubokunda pley-off mərhələsinin oyununu idarə edəcək.
O, kişi voleybolçulardan ibarət Türkiyənin “Fənərbağça” və Ukraynanın “Prometey” klublarının cavab matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. İlk görüş Ukrayna klubunun qələbə ilə yekunlaşıb - 3:1.
Qeyd edək ki, hər iki oyun bu gün gerçəkləşəcək.