Məlum olduğu kimi, Avropa Liqasının qrupunda 2-ci yeri tutan “Qarabağ” bu turnirin pley-offunda Çempionlar Liqasında 3-cü yeri tutan komandalardan biri ilə qarşılaşacaq.
Bəs həmin komandalardan hansı Azərbaycan çempionunun “dişinə görədi”? Pley-offda kimi arzulayaq?
Bu suallarla təcrübəli mütəxəssis Aslan Kərimova müraciət etdik:
“Əvvəlcə bütün azərkeşləri bu tarixi qələbə münasibəti ilə təbrik edirəm. Əslində bu uğurun Azərbaycan futbolu tarixində böyük bir addım olduğunu düşünürəm. Pley-offa məsələsinə gəlincə, onu deyə bilərəm ki, bizimlə qarşılaşmaq ehtimalı olan rəqiblər Çempionlar Liqasından gələn komandalardı. Yəqin ki, azərkeşlər bu komandaların (“Milan”, “Qalatasaray”, “Benfika”, “Feyenoord”, “Şaxtyor”, “Lans”, “Braqa”, “Yanq Boyz” – red.) oyunlarını izləyiblər. Bu klubların hər biri haqda onu demək olar ki, mübarizə apardığı qruplarda bariz autsayderlər deyildilər. Çünki həmin komandaların növbəti məhələyə keçə bilməyəcəyi yalnız son turlarda məlum oldu. Bu komandalar arasında başqalarıyla müqayisədə “Yanq Boyz” daha uyğundu. Daha sonra “Benfika”nı da demək olar. Çünki “Benfika” əvvəlki gücündə deyil. Bir də “Qalatasary”ı mümkün rəqib kimi görmək olardı. “Qarabağ”ın bu komandaların öhdəsindən gələ biləcəyini düşünürəm. Digər klublar isə çox güclüdülər. “Milan”, “Feyenoord”, “Şaxtyor”, “Lans” və “Braqa” ilə oyun çox çətin olar. Dediyim kimi, “Yanq Boyz”u daha uyğun görürəm. Çünki İsveçrə təmsilçisi ilə oynamışıq, müəyyən qədər təcrübəmiz var. Bu dediklərimi yalnız digər klublara nisbətən müqayisə etdikdə bu nəticəyə varırıq. Ümumiyyətlə, pley-off səviyyəsində zəif rəqiblər olmur".
MİRKAMAL KAZIMZADƏ