İngiltərə premyer-liqasının 17-ci turunun “Bornmut” – “Luton” matçı yarımçıq dayandırılıb.
Buna qonaq komandanın kapitanı Tom Lokyerin huşunu itirərək yerə yıxılması səbəb olub. 59-cu dəqiqədə 29 yaşlı futbolçu rəqiblə heç təmas olmadığı anda qazona yıxılıb. Hər iki komandanın fizioterapevtləri və həkimləri dərhal onun köməyinə gəliblər. Bundan sonra futbolçu xərəkdə tribunaaltı otağa aparılıb və azarkeşlər ayağa qalxaraq onu alqışlayıblar.
Hakim Saymon Huper əvvəlcə futbolçuları meydandan çıxararaq matçı dayandırıb. Daha sonra müvafiq qurumun təmsilçiləri ilə aparılan danışıqlar nəticəsində oyunun təxirə salınmasına qərar verilib. Qeyd edək ki, matç təxirə salınan anda hesab 1:1 olub.
“Luton” klubu Lokyerin oyun zamanı ürəyinin dayandığını açıqlayıb. 29 yaşlı futbolçu az sonra özünə gəlib. O, hazırda xəstəxanada müalicə olunur.