Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
"Football-plus.az" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
APA-nın yaydığı xəbərə görə, Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.
Onların hamısı Peşəkar Futbol Liqasının əməkdaşlarıdır. Bakı sakinləri 1984-cü il təvəllüdlü Abdullayev Sənan Məstəli oğlu (mətbuat xidmətinin rəhbəri), 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu (PFL prezidenti), 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1981-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğlu (PFL-in vitse-prezidenti), 1990-cı il təvəllüdlü Abbasov Elgiz Rafiq oğlu (PFL-in departament rəhbəri), 1981-ci il təvəllüdlü Hacıməhərrəmov Zaur Tahir oğludur (PFL əməkdaşı). Xəsarət alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslər Bakıya göndərilir.
Onlar dekabrın 21-də keçiriləcək “Qarabağ” - MOİK oyununun təşkilati məsələləri ilə əlaqədar Xankəndiyə gedirmişlər.
Qəzaya düşənlərin vəziyyətini açıqlanıb:
Bakı sakini Səmədov Elxan Zakir (14.01.1974) - Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı;
Bakı sakini Abdullayev Sənan Məstəli (24.06.1984) - Hər iki ayaq pəncəsinin əzilməsi;
Bakı sakini Şahgəldiyev Aslan Yadigar (31.08.1981) - L1 fəqərənin kompression sınığı;
Bakı sakini Qafarlı Rasim Məmmədrəsul (20.06.1982) - Sağ diz oynağının əzilməsi;
Bakı sakini Abbasov Elgiz Rafiq (26.04.1990) - Sağ diz nahiyə əzilməsi;
Bakı sakini Hacıməhərrəmov Zaur Tahir (16.06.1981) - Burunun küt travması;