Dünən AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasından sonra yığmanın baş məşqçisi Canni de Byazi ilə müqavilə müddəti uzadılmadı.
Hazırda iki məsələ gündəmdədi: yığmanın baş məşqçisi kim olacaq? Yerli, yoxsa əcnəbi mütəxəssisə üstünlük veriləcək?
Tanınmış rejissor, mədəniyyət xadimi, "Araz-Naxçıvan"ın sabiq mətbuat katibi Tahir Tahiroviç "Football-plus.az" saytına ölkənin əsas komandasına kimin rəhbərlik etməsiylə bağlı münasibət bildirdi:
"Öncəliklə onu deyim ki, bu gün millimizin uğursuzluğun səbəbi yalnız baş məşqçi amiliylə bağlı deyil. Ən böyük problem AFFA-nın idarəçilik strukturundadı. Tək yığmamızla yox, bütünlükdə ölkə futboluyla bağlı çatışmazlıqlar, nöqsanlar çoxdu. Elə A millimizə nəticə vermən baş məşqçiləri gətirən də AFFA-da rəhbərliyindəki cənablardı. Baş məşqçinin gələcəkdə kim olmasına gəlincə, hesab edirəm ki, yerli məşqçiylə davam etməliyik. Hələ sovetlər dönəmindən zəngin futbol savadına, yaxşı idarəçilik bacarığına malik məşqçilərimiz olub. Elə müstəqillik dönəmimizi də götürsək, ən böyük uğurları məhz yerli mütəxəssislərlə əldə etmişik. "Neftçi"də rəhmətlik Böyükağa Hacıyevin, "Qarabağ"da isə Qurban Qurbanovun faydalı işi göz önündədi. Yəni məşqçi bazamız yaxşıdı. Sadəcə, onlara inanmaq, şans vermək lazımdı. Ola bilər ki, bu fikirim birmənalı qarşılanmasın. Amma hazırda yığmamıza əsas namizəd kimi Azər Bağırovu görürəm. Gənc, savadlı, bacarıqlı mütəxəssisdi. Azər müəllimin hazırda "Araz-Naxçıvan"dakı işinə çoxları heyrandı. Odur ki, mənim namizədim Azər Bağırovdu. Yığmaya ciddi yanaşnalıyıq. Azərbaycan millisini dövlət atributu kimi qorumalı, inkişaf etdirməliyik. Millimizin inkişafı dövlətimiz üçün neft kimi dəyərli olmalıdı".
Sənətkar çempionatımızdakı dəyişiklərdən və komanda sayının artırılmasından da danışdı:
"Uzun illər idi cəmi 2 çempionatlı futbol mövsümü keçirirdik. Halbuki bizdən qat-qat zəif, kasıb ölkələrin ən azı 3-4 liqası var. Bizdə mövcud olan elita ilə 1-ci liqa arasında böyük uçurum var. Nə yaxşı ki, bu mövsümdən 1-ci liqanın səviyyəsi yüksəldi, əvəzedicilərin turniri ayrı keçirilməyə başladı və 2-ci liqa yaradıldı. Nə qədər liqalarımız çox olacaq, bir o qədər aşağı yaşdan tutmuş əsas yığma üçün futbolçu seçimi çox olacaq. Amma liqaların yalnız kəmiyyət yox, keyfiyyətli artımının tərəfdarıyam. Həmçinin gələn mövsümdən elita təmsilçilərilərinin sayı 12-yə qaldırılmalıdı. Çünlki hazırda milli üçün əsas bazanı premyer-liqa oynayır".
ABDULLA İSMAYILOĞLU