Canni de Byazinin yığmamızla müqaviləsi başa çatıb. Bəs italiyalıyla müqavilənin müddəti uzadılacaq, yoxsa yola salınacaq?
"Football-plus.az" saytı olaraq, bu sualları aydınlaşdırmaq üçün AFFA İcraiyyə Heyətinin üzvü Vaqif Sadıqovla əlaqə saxladıq:
"Sabah fövqəladə yığıncağımız olacaq. Baş məşqçi postuyla da bağlı yekun qərar verəcəyik. Hesab edirəm ki, Canni de Byazinin media nümayəndələri qarşısında son xoşagəlməz açıqlaması onunla bağlı qəti qərar verməyimizi sürətləndirəcək. İtaliyalı əvvəllər də ictimaiyyəti qıcıqlandıran ifadələr işlətmişdi, bu dəfə limiti tükətdi".
Veteran futbolçu De Byazinin ölkəmizin əsas komandasında işi ilə bağlı şəxsi fikrini də bildirdi:
“Məni tanıyanlar bilir ki, yıxılana zərbə vuran adam deyiləm. Ümumiyyətlə, elə mövqe sərgiləyən insanların əməllərini xoş hesab etmirəm. De Byaziylə bağlı qərarımı bütün AFFA rəsmiləri və məşqçi həmkarlarım əvvəldən yaxşı bilir. Öncədən demişdim ki, az-çox potensialı olan millimizin potensialı tükənmiş məşqçiyə tapşırılması düzgün deyil. Bunu hər iclasımızda da bildirmişəm. Sadəcə, gələcəyə ümidlə baxdığımıza görə ictimaiyyət qarşısında bunu deməmişəm. Oxucular elə bilməsin ki, Canni de Byazinin son nəticələrinə və jurnalistlərə hörmətsizliyinə görə bunları deyirəm. Xeyr. Mənim mövqeyim AFFA-da həmişə bəlli olub. Sadəcə, yığmamızın uğurları üçün geniş publika önündə danışmamışam. Mənim üçün Azərbaycan millisinin mənafeyi, uğuru şəxsi mənafeyimizdən öndədi".
ABDULLA İSMAYILOĞLU