''Liverpul''un kolumbiyalı ulduzu Luis Diasın atasından nəhayət, sevindirici xəbər gəlib.
Xatırladaq ki, futbolçunun anası Silenis Marulanda və atası Manuel Dias oktyabrın 28-də yaşadıqları Barrankas şəhərində evlərinin önündə naməlum şəxslər tərəfindən qaçırılmışdı. Sonradan bunun solçular - Milli Hərəkat Ordusu (ELN) tərəfindən həyata keçirildiyi məlum olmuşdu.
Diasın anasını dərhal xilas etmək mümkün olmuşdu. Atanın azadlığa buraxılması prosesi isə uzun çəkdi. 13 gündən sonra Hərəkat üzvləri Manuel Diası BMT-nin və katolik kilsəsinin üzvlərinə təhvil verməyə razı oldular. Manuel Dias dərhal hərbi vertolyot ilə Valyedupar şəhərinə çatdırılıb və ordan da xəstəxanaya yerləşdirilib. Kolumbiya mətbuatının məlumatına görə onun vəziyyəti normaldı və bədənində heç bir zorakılıq əlaməti yoxdu. Qeyd edək ki, bu hadisə üzündən Luis Dias ''Liverpul''un iki oyununu buraxmışdı. Amma ötən həftə o, komandaya qayıtmış və üstəlik ''Luton'' ilə səfər oyununda sonradan meydana çıxaraq ''Liverpul''u məğlubiyyətdən xilas edən qolu vurmuşdu.
ƏLİ