Azərbaycan futbolunun xaricdəki təmsilçilərindən Musa Qurbanlı hazırda uğursuzluq zolağındadı.
Yığmamızın üzvü İsveç çempionatında 7 turdu fərqlənə bilmir. Bəs belə uzunmüddətli susqunluğun səbəbi nədi? Musanın “Yurqorden”in oyun üslubuna uyğunlaşması hədsiz uzun sürmədimi? "Football-plus.az" bu sualı təcrübəli menecer Tural Əsgərova ünvanladı:
"Buna uğursuzluq zolağı, bəxtsizlik, şanssızlıq deyim, nə deyim - bilmirəm. Amma bu hal bütün futbolçuların karyeralarında olur. Deməzdim ki, Musanın hazırkı çıxışında eniş var. Son turu çıxaq. Çünki həmin oyunda milli üzvünün qol vurmaq üçün şansı olmadı. Amma son 7 qarşılaşma arasında başqalarına nəzər yetirsək, Musanın, sadəcə, bəxtinin gətirmədiyini deyərdim. Çünki rəqib qapısına hücumlar təşkil etdi. Sadəcə, son nöqtəni qoya bilmədi. İndidən gəlin forvard haqqında qəti qərar verməyək. İnanıram ki, Musa irəlidəki turlarda özünü yaxşı tərəfdən göstərəcək".
ABDULLA İSMAYILOĞLU