Karyerasını ''Adana Dəmirspor''da davam etdirən məhşur italiyalı futbolçu Mario Balotellinin Zlatan İbrahimoviçə verdiyi cavab diqqət çəkib.
“Football-plus.az” xəbər verir ki, bu yay karyerasını başa vuran 41 yaşlı isveçli ulduz İtaliya mətbuatına verdiyi son müsahibədə Balotellini öz istedadını boş yerə xərclədiyini qeyd etmişdi:
''Onun istedadını reallaşdırmaq üçün bir yox, bir neçə dəfə gözəl fürsəti oldu. Heç birindən yararlanmadı. Bəziləri dua edir ki, bircə dəfə əlinə şans düşsün. Amma Mario bütün şansları boşa verdi. Rafael Leao Balotelli kimi deyil. Onları müqayisə etmək yanlış olar''.
Söz altında qalmağı xoşlamayan və çılğın xarakteri ilə tanınan Balotelli İbranın cavabını necə deyərlər, qısa və konkret verib. O, ''instaqram''ın hekayə bölümündə 2010-cu ildə ''İnter''in heyətində qazandığı Çempionlar Kuboku ilə olan şəklini paylaşaraq ora İbrahimoviçin də adını etiketləyib! Bilindiyi kimi ÇL mövzusu Zlatanın ən zəif yeridi. Çünki o, karyerası ərzində bir çox önəmli titullar qazansa da, heç cür ÇL-in qalibi ola bilmədi. 2010-da Joze Mourinyonun başçılığı altında mükəmməl nəticələr əldə edən ''İnter'' Madriddə keçirilən finalda ''Bavariya''nı 2:0 yenərək tarixində 3-cü və hələ ki, sonuncu dəfə ÇL-in qalibi olmuşdu.
ƏLİ