Futzal yığmamıza texniki məğlubiyyət veriləcək? - Mahmud Sadıqov aydınlıq gətirdi

13.10.2023 00:50 237
Yığma / Manşet
Niderland Futbol İttifaqı UEFA-ya müraciətlə Azərbaycan, Qazaxıstan və Rumıniya yığmalarının “milliləşdirilmiş” futzalçılarının pasportlarına yenidən baxılmasını xahiş edib. Niderlandlıların bu istəyi səbəbsiz deyil.

Bildiyiniz kimi, UEFA bu həftə Ermənistan və Gürcüstan yığmalarını məhz “milliləşdirmə” zamanı müəyyən tələbləri yerinə yetirmədiklərinə görə 0:5 hesablı texniki məğlubiyyətlə cəzalandırıb. Bu iki Cənubi Qafqaz ölkələrindən şikayətlənənlər isə Portuqaliya ilə Finlandiyanın futbol qurumları idi. Maraqlıdı ki, bu ölkələr qafqazlılara qalib gəlsə də, rəqib futzalçıların sənədlərinə baxılmasını istəyib.
Xatırladaq ki, yığmamızın elit mərhələdə çıxış edən heyətində Braziliya və İrandan 9 futzalçı yer alıb. Görəsən, Niderlandın şikayəti əsasında millimizin də texniki məğlubiyyət almaq ehtimalı var? Ümumiyyətlə, bununla bağlı ölkəmizə xəbərdarlıq edilib?

Futzal Federasiyasının baş katibi Mahmud Sadıqovun “Football-plus.az”a söylədikləri:

“Xeyr, yığmamız üçün bu yöndə hansısa təhlükə yoxdu. Bizim ən son “milliləşdirdiyimiz” futzalçılar Felipinyo ilə Manekadı ki, bunun üstündən nə az-nə çox - 4 il keçib. Başqaları isə 6-7 ildi millimizin üzvüdü. Ermənistan və Gürcüstan futzalçıları seçmə mərhələ oyunlarından cəmi 2-3 həftə əvvəl “milliləşdirdiyi” üçün onlara problem yaranıb. UEFA-nın bizə müraciət etməyə nə ehtiyacı var, nə də haqqı. Etsə, cavabını alacaq. Onlar onsuz da hər şeyi bilirlər”.


KƏNAN BAHADIR