Böyük futboldan uzaq düşən Təmkin Xəlilzadə hazırda minifutbolla məşğuldu. Amma yığmanın sabiq üzvünün adı 2-ci liqa komandalarından "Füzuli" və "Qusar" ilə yanaşı hallanır.
"Football-plus.az" saytı olaraq, əvvəlcə "Füzuli"nin idman direktoru Vasif İsmayılovdan bu məsələ ilə bağlı fikir öyrəndik:
"Bildiyiniz kimi, biz həmişə heyətimizdə təcrübəli futbolçuların yer almasının tərəfdarı olmuşuq. Təmkin Xəlilzadə və Elvin Yunuszadənin də komandamıza keçidində maraqlıyıq. Hər iki futbolçu ilə rəsmi sövdələşməyimiz olmasa da, danışığımız olmuşdu. Amma alınmadı".
"Qusar"ın idman direktoru Kamran Əlibabayev isə belə dedi:
"Bəli, Təmkin Xəlilzadə ilə çoxdan maraqlanırdıq. Hazırda onunla birillik müqavilə bağlamışıq. Təmkin 38 nömrəli formanı geyəcək. Sadəcə, yığmamızın sabiq üzvü zədəli olduğuna görə son turda şans qazanmadı. Qarşıdakı oyunlarda ona şans veriləcək".
Maraqlıdı ki, Təmkin Xəlilzadə bizə fərqli açıqlama verdi:
"Hazırda 2-ci liqada oynamağım aktual deyil. Baxmayaraq ki, "Qusar" məni iştirak ərizəsinə əlavə edib".
2-ci liqa hər nə qədər yarımpeşəkar turnir olsa da, daha bu boyda hoqqabazlığın da yeri yoxdu. “Qusar” Təmkinin adını iştirak ərizəsinə salıb, amma adam 2-ci liqada oynamayacağını deyir. Necə deyərlər, qız evində toydu, oğlan evinin xəbəri yox!
ABDULLA İSMAYILOĞLU