Futzal yığmamızın Qazaxıstanla qarşılaşmadan məğlub ayrıldığını yazmışdıq – 2:4.
"Football-plus.az" xəbər verir ki, oyunu izləyənlər arasında Record club”un baş məşqçisi Əli Sabahi də var idi. Xatırladaq ki, iranlı mütəxəssis bu mövsüm Azərbaycana gəlib. Onunla söhbətdə yığmanın durumu, qələbə üçün nəyin çatmadığı və hansı səhvlərə yol verildiyi kimi mövzulara toxunduq:
“Legionerlərdən qurulmuş iki millinin görüşünü izlədim. Təəssüf ki, Vitali Borisov yerli futzalçılara güvənmədi. Məncə, onlar daha fərqli çıxış edər və ümumi nəticənin üzücü olmamasında böyük pay sahibi olardılar. Təbii ki, bunlar geridə qaldı. Hazırda məğlubiyyət millini çətin vəziyyətə salıb. Heyif... Reallıq budu. Məncə, eyni oyunçulara üstünlük vermək doğru addım deyildi. Sonda yorğun komandanın uduzduğunu gördük. Vitali əvəzləmələr etməli, oyunun tempini dəyişməyə çalışmalıydı. Ümumiyyətlə, Azərbaycan millisində yerli futzalçıların mübarizə aparmasının tərəfdarıyam. Məncə, hər biri potensiallı və yaxşı formada olan idmançılardı. Əlbəttə, belə kadrlar olmasa, legionerlərin oynamasına haqq qazandırmaq mümkün idi. Lakin Azərbaycanda olduğum müdətdə bir çox komandanın heyətində yaxşı oyunçular görmüşəm”.
İranlı mütəxəssis işi bu yerə gətirib çxıaran bəzi səbəblər haqda bunları dedi:
“Azərbaycan millisi rəqibdən ehtiyatlanırdı. Məncə, evdə oynayırsansa, fərqli oyun göstəməlisən. Əksinə, Qazaxıstan özünü ev sahibi kimi aparır, topu itirməmək üçün əlindən gələni edirdi. Düzdü, Borisovun planı ilk hissədə uğurlu oldu, komanda fasiləyə üstün yollandı. Amma rəqibin 2-ci hissədə fərqli çıxış edəcəyi gözlənilən idi. Qazaxıstan kimi komanda ilə oyunda əks-hücuma bel bağlamaq olmaz. Çünki bu kimi hallar komandanın yorulmasına və növbəti dəqiqələrdə özü kimi çıxış etməsinə mane olur. Ciddi görüşlərdə topsuz qalmaq kimi mənfi təsir göstərən ikinci çatışmazlıq yoxdu. Məncə, millimizin baş məşqçisi kökündən yanlış taktika seçmişdi. Rəqib tez-tez irəli çıxan qapıçıya sahibdisə, güclü təzyiq yaradaraq onu bu üstünlükdən məhrum etmək lazım idi”.
KƏNAN BAHADIR