Şüvüllə tullanma üzrə ikiqat olimpiya çempionu Yelena İsinbayevanın Rusiyadakı xeyriyyə fondu fəaliyyətini dayandırıb.
“Novosti” xəbər agentliyi bildirir ki, 2013-cü ildə Volqoqradda qeydiyyatdan keçən fond artıq heç bir maliyyə əməliyyatı həyata keçirmir.
"Football-plus.az" xəbər verir ki, qurumun ötən il üçün vergi orqanlarına təqdim etdiyi bəyanatda ancaq sıfırlar yer alıb.
Bundan başqa, fondun rəsmi saytına baş çəkənlər bukmeker kontorunun səhifəsinə yönəldilir. Fondun sosial şəbəkələrdəki səhifələri də 2021-ci ildən bəri “susub”, təmsilçilərinin əlaqə telefonları da işləmir.
Bu arada Rusiya Xizək Yarışları Federasiyasının (RXYF) prezidenti Yelena Vyalbe bildirib ki, İsinbayeva Rusiyadan gedişi ilə bağlı ictimaiyyət önündəki bəraət xarakterli çıxışlarına son qoymalıdı:
“Şükür Allaha, burdan rədd olub getdi. Axı belə olmaz. Əvvəlcə prezidentin sinəsinə başını qoyub ağlayırsan, sonra da vətəni satırsan. Necəsə yolunu müəyyənləşdirmək lazımdı, o ki kiçik qız deyil, artıq uşaqlarını böyüdür. Onu heç vaxt anlamıram və anlamağa cəhd də etmirəm. Bu onun seçimidi. Xüsusən də ÇSKA-dan üz döndərməsini anlamıram. Məgər nominal şəkildə olimpiya çempionu olmaq mümkündü? Qoy ağzını yumsun və özünün İspaniyasında yaşasın. Oranın həyatından zövq alsın”.
Rusiyalı həmkarlarımız Vladimir Putinin sözçüsü Dmitri Peskovu da bu məsələyə qoşmağa çalışıb. Xüsusən də ondan Yelenanın vətəni satmasıyla bağlı ittihama münasibət öyrənmək istəyib. Peskov bu yöndə suallara belə cavab verib:
“Şərh etmək istəmirəm. Ona görə ki, İsinbayevanın nə vaxtsa vətəni satmasıyla bağlı faktlara malik deyiləm. Mənə bu haqda heç nə məlum deyil”.
Xatırladaq ki, İsinbayeva iyulun 17-də Beynəlxalq Olimpiya Komitəsində (BOK) işini davam etdirdiyini bildirmişdi. Sentyabrın 5-də BOK elan etdi ki, olimpiya çempionu qurumun idmançılarla bağlı komissiyasında qalır.
İdmançı sosial şəbəkə hesabından Rusiya prezidenti Vladimir Putinlə birgə şəklini də silib. 41 yaşlı İsinbayeva 2016-cı ilin avquatundan bəri BOK üzvüdü, ora 8 illiyə seçilib.