Son 21 ildə ilk dəfə Krişitano Ronaldo ilə Lionel Messinin iştirak etmədiyi ÇL-in qrup mərhələsi sentyabrın 19-da start götürdü.
“Football-plus.az” xəbər verir ki, ilk oyun günü maraqlı hadisələrlə zəngin oldu. “Latsio”nu məğlubiyyətdən qapıçı xilas etdisə, son qalib statusunda olan “Siti” ilk yarıda qapıya 22 zərbə vurduğu halda, fasiləyə məğlub yollandı! Levandovski isə tarixdə Messi ilə Ronaldodan sonra avrokuboklarda 100 qol həddinə çatan 3-cü futbolçudu.
Latsio – Atletiko 1:1 (0:1)
Latsio (Roma, İtaliya): Provedel, Maruşiç, Patriç, Romanyoli, Pelleqrini (Latsari, 38), Kamada (Genduzi, 62), Veçino (Kataldi, 76), Alberto, Anderson (İsaksen, 62), Zakkanyi (Pedro, 76), İmmobile.
Atletiko (Madrid, İspaniya): Oblak, Molina, Saviç, Ermoso, Vitsel (Korrea, 75), Lino (Rikelme, 79), Lyorente, Saul, Barrios (Ximenes, 46), Qrizmann, Morata.
Qollar: Barrios, 29 (0:1). Provedel, 90+5 (1:1).
Vərəqələr: Qrizmann, 26. Lino, 67. Patriç, 83. İmmobile, 84. Korrea, 90+4 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
19 sentyabr. Roma. 46168 tamaşaçı.
oyunun statistikası
19 (7) qapıya (“çərçivə”yə) zərbə 9 (4)
11 künc zərbəsi 5
1 ofsayd 0
6 qayda pozuntusu 12
2 (0) sarı (qırmızı) vərəqə 3 (0)
51 topa sahibolma (faizlə) 49
Bu qrupun favoritlərinin duelində hər şey “Atletiko”nun qələbəsinə doğru gedirdi. “Latsio” uzun müddət gənc Barriosun qoluna cavab verə bilmədi. Amma son saniyələrdə kiçik möcüzə baş verdi. Hücuma qoşulan romalıların qapıçısı Provedel Albertonun ideal asmasından sonra başla topu tora göndərdi! Özü də bu, 29 yaşlı qapıçının peşəkar karyerasındakı ilk qol deyil. 2020-ci ildə o, “Yuve Stabiya”nın heyətində B seriyası çərçivəsində “Askoli” ilə səfər oyununda da baş zərbəsi ilə komandasını məğlubiyyətdən xilas etmişdi. Provedelin karyerasına hücumçu kimi başladığını da vurğulayaq.
Feyenoord – Seltik 2:0 (1:0)
Feyenoord (Rotterdam, Niderland): Vellenroyter, Qeertuyda, Trauner, Hantsko, Hartman, Viffer, Timber (Zerruki, 73), Payşao (Cahanbaxş, 67), Stenqs, İvanuşeç (Zauer, 89), Minteh (Linqr, 67).
Seltik (Qlazqo, Şotlandiya): Hart, Conston, Laqerbilke, Skeylz, Teylor, O”Rayli (Bernardo, 82), Makqreqor, Hatate (Holm, 58), Palma (Yanq, 58), Maeda (O Hyun Qyu, 82), Furuhaşi (İvata, 67).
Qollar: Stenqs, 45+2 (1:0). Cahanbaxş, 76 (2:0).
65-ci dəqiqədə Payşao penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Laqerbilke, 31. Makqreqor, 36. Timber, 56 – sarı. Laqerbilke, 63 (ikinci sarı). Holm, 68 – qırmızı.
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
19 sentyabr. Rotterdam. 44008 tamaşaçı.
5 illik fasilədən sonra ÇL-in qrup mərhələsinə vəsiqə qazanan “Feyenoord” ilk turda fanatlarını inamlı qələbə ilə sevindirdi. Fasilə ərəfəsində Stenqs təxminən 30 metrlik məsafədən cərimə zərbəsindən fərqlənməklə qələbənin əsasını qoydu. İkinci hissə də Qlazqo nəhəngi üçün uğursuz alındı. Hissənin ortalarında qonaqlar 5 dəqiqə aralığında iki futbolçusunu itirdi. Düzdü, təcrübəli Hart 65-ci dəqiqədə penaltini dəf etməklə komandası üçün az da olsa, ümid yeri saxladı. Amma 9 oyunçu ilə mübarizə aparmaqda çətinlik çəkən “Seltik” daha bir qol buraxmaqla “ağ bayraq qaldırdı”.
oyunun statistikası
16 (5) qapıya (“çərçivə”yə) zərbə 8 (3)
4 künc zərbəsi 1
6 ofsayd 0
13 qayda pozuntusu 11
1 (0) sarı (qırmızı) vərəqə 3 (2)
58 topa sahibolma (faizlə) 42
Növbəti turun oyunları oktyabrın 4-də keçiriləcək: Atletiko – Feyenoord, Seltik – Latsio.
Faktlar
* Provedel təsnifat mərhələsi də daxil olmaqla ÇL tarixində qol vuran 5-ci qapıçı oldu. Daha öncə bu turnirdə əlcək sahibləri arasında qol sevincini nigeriyalı Vinsent Enyeama (“Hapoel” T-Ə, 2010), türkiyəli Sinan Bolat (“Standard”, 2009), bolqarıstanlı Dimitar İvankov (“Levski”, 2000) və almaniyalı Hans-Yorq Butt (“Hamburq” ilə 2000-ci ildə, “Bayer-04” ilə 2002-ci ildə, “Bavariya” ilə 2007-ci ildə) yaşayıb. Enyeama, İvankov və Butt qolları penaltidən vurmuşdu. Yalnız Bolat və Provedel oyun epizodundan fərqlənib.
* “Latsio” ÇL-də ardıcıl 20-ci oyunda qapısını toxunulmaz saxlaya bilmədi. Bu, İtaliya klubları üçün yeni antirekorddu! Əvvəlki antirekord “Roma”ya məxsus idi. “Latsio” bu turnirdə sonuncu dəfə 2003-cü ildə “Beşiktaş”la oyunda (2:0) qol buraxmayıb.
* “Feyenoord”un avrokuboklarda evdəki məğlubiyyətsiz seriyası 15 oyuna çatdı (12 qələbə, 3 heç-heçə). Klub tarixində bundan daha uzun (25) seriya yalnız 1962-74-cü iillərdə olub.
* Stenqs son 9 ildə ÇL-də cərimə zərbəsindən qol vuran ilk niderlandlı futbolçu oldu. Sonuncu dəfə niderlandlılardan bu tərzdə qolu 2014-cü ildə “Arsenal”la görüşdə “Qalatasaray”ın heyətində Sneyder vurmuşdu.
* “Seltik” buna qədər son 72 ÇL oyununda cəmi 1 qırmızı vərəqə almışdısa, Rotterdamda 5 dəqiqə aralığında komandanın 2 oyunçusu meydandan qovuldu.
* Təsnifat mərhələsini nəzərə almasaq, “Seltik”in son 22 ÇL matçında cəmi 1 qələbəsi var (5 heç-heçə, 16 məğlubiyyət). Yeganə qələbə 2017-nin sentyabrında səfərdə “Anderlext”lə oyunda (3:0) əldə olunub. Bu, eyni zamanda Qlazqo nəhənginin ÇL-də son 37 səfər qarşılaşmasında qapısını toxunulmaz saxladığı yeganə oyundu. Komanda bu matçlarda ümumilikdə 89 top buraxıb!