“Qəbələ” Elmar Baxşıyevin istefasını müzakirə edirmi?

29.08.2023 22:30 311
Premyer-liqa / Manşet
"Qəbələ" Misli premyer-liqasında uğursuz seriyanı davam etdirir.

"Qırmızı-qaralar" xalsız qaldığından turnir cədvəlinin sonuncu pilləsindədi. Ötən mövsümü möhtəşəm qapayan komandanın son yaşadıqları futbol ictimaiyyətində suallar yaradır. Bunlardan biri də baş məşqçi Elmar Baxşıyevin postunu təhvil verib-verməyəcəyidi. Çalışdırıcı “Neftçi” ilə oyundan sonra keçirilən mətbuat konfransında bu yöndə danışıqlara hazır olduğunu, ehtiyac olarsa, klubdan ayrılacağını açıqlayıb. Görəsən, "Qəbələ" rəhbərliyi bu haqda nə düşünür? Həqiqətən günahkar Elmar Baxşıyevdi? Ümumiyyətlə, baş məşqçinin vəzifədən azad edilməsi gündəmdədi?

Suallarımızı bölgə təmsilçisinin baş meneceri Nail Kərimova ünvanladıq. Onun "Football-plus.az"a söylədikləri:
"Uzun müddətdi Elmar müəllimlə çalışırıq. Onun xasiyyətinə, xarakterinə, bacarığına və potensialına bələdik. İndiyə qədər, demək olar ki, bütün fikirləri ilə razılaşmışıq. Lakin klubdan ayrılmasının mümkünlüyü haqda dediklərini qətiyyən qəbul etmirik. Elmar müəllimin getməsi və ya rəhbərlik tərəfindən bunun istənilməsi gündəmdə deyil, ola da bilməz. Bu günə qədər çoxlu uğur qazanmışıq. Hamısında hər birimizin payı var idisə, uğursuzluqlarda da hər kəs eyni dərəcədə günahkardı. Baş məşqçimizə güvənirik. İnanırıq ki, tezliklə çətinliklər geridə qalacaq".

KƏNAN BAHADIR