Azərbaycan premyer-liqasının 2021/22 mövsümündə “Qəbələ”nin heyətində 21 futbolçu meydana çıxıb.
"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, baş tutan 28 turda yalnız Ülvi İsgəndərov bütün matçlarda iştirak edib. O, çempionatın bütün iştirakçıları arasında 28 oyun keçirən üç futbolçudan biridi.
Üç oyunçu – İsnik Alimi, Məqsəd İsayev və Rövlan Muradov yalnız bir oyunu buraxıb. 27 görüşə çıxan üç futbolçudan ikisi bu qarşılaşmaları əvəzolunmadan keçirib. Çempionat ərzində hamıdan çox – 2430 dəqiqə meydanda olan üç futbolçudan ikisi “Qəbələ”nin üzvləridir. Bunlar İsniklə Məqsəddir.
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin güvəndiyi 21 futbolçudan 14-ü matçların yarısından çoxunda şans qazanıb. “Qırmızı-qaralar” mövsüm ərzində iki qapıçıya güvənib.
“Qəbələ”nin vurduğu 38 qola 14 oyunçu imza atıb. İsnik Alimi hamıdan çox – 8 dəfə fərqlənib. Ülvi İsgəndərovla Rafael Utziqin hərəsinin aktivində 6 top var. Rövlan Muradov isə üç qola sevinib. 5 futbolçu hərəyə iki, 5 oyunçu isə bir dəfə rəqib qapısına yol tapıb.