Ölkənin tanınan iqtisadçılarından biri, həm də REAL partiyasının icra katibi Natiq Cəfərli srağagün “feysbuk” hesabında maraqlı paylaşım edib:
“Xatırlayırsızsa, bir neçə gün öncə məşhur yapon şahmatçı Bakıda otel nömrəsində suyun gəlmədiyi haqqında paylaşım etmişdi - güya, Hikaru Nakamuranın qaldığı “Baku Marriott Boulevard” otelində su kəsilibmiş. Bizdə saytlar, sosial şəbəkələr bu xəbəri tirajladı, hətta beynəlxalq mətbuatda da bu söhbət geniş yayıldı. Sonradan "Azərsu" nə qədər təkzib etsə də, heç kim buna fikir vermədi. Sizə maraqlı fakt deyim: Hikaru Nakamura Bakı səfərindən bir neçə gün öncə uzun zaman görüşdüyü erməni əsilli şahmatçı Atuss Purkaşyanla evlənibmiş - Atuss İranda doğulub, bu ölkənin millisində çıxış edirmiş, sonradan ABŞ-a köçüb, indi ABŞ millisinin heyətində oynayır. Sübutum olmasa da əminəm ki, Bakı səfərindən öncə Atuss yazıq yaponun başının ətini yeyib, "gedirsənsə, gör nə pislik edə bilərsən" moduna kökləyib. Hikaru da ağıllı adamdı, bilir ki, idmançı siyasi bəyanatlar verə bilməz, ona görə də bu şəkildə ölkəmizi biabır edib”.
“Football-plus.az” xəbər verir ki, belə açıqlamalardan bezən Atusa Purkaşyan milli mənsubiyəti ilə bağlı açıqlama yaymalı olub:
"Qulağıma barəmdə çoxlu yanlış məlumatlar çatır. Mən erməni deyiləm! İranlıyam və bir çox iranlıların soyadı kimi, mənim də soyadım "yan" sonluğu ilə bitir. Xahiş edirəm bir-birimizə hörmətlə yanaşaq".