Acun Ilıcalının sahibi olduğu, yay hazırlıq dönəmində Türkiyəyə gələrək yoxlama matçında ''Qalatasaray''ı məğlub edən çempionşip təmsilçisi ''Hall Siti'' mövsümə üzücü məğlubiyyətlə start vermiş oldu.
“Football-plus.az” xəbər verir ki, ''pələnglər'' ilk turda ''Norviç Siti''nin qonağı oldular. 17-ci dəqiqədə ''Mançester Siti''dən icarəyə götürülən Liam Delap qonaqları hesabda önə keçirsə də, davamı gəlmədi. İlk yarının sonlarında Conatan Rouinin və əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə Adam Aydanın qolları meydan sahiblərinə əzmkar qələbə qazandırdı. Bu azmış kimi ''Hall Siti''nin baş məşqçisi Liam Rosenyor ilk buraxılan qola çılğın şəkildə etiraz etdiyi üçün qırmızı vərəqə aldı.
Qeyd edək ki, ''Hall Siti''nin çempionşip çərçivəsində səfərdəki qələbəsiz seriyası 11 oyuna çatdı (6 heç-heçə, 5 məğlubiyyət). Komanda bu turnirdə son səfər qələbəsini yanvarda qazanıb.