“Trabzonspor” Yunanıstan çempionu ilə bacarmadı

1.08.2023 19:58 236
Dünya futbolu
Yeni mövsümə hazırlığı davam etdirən “Trabzonspor” bazar günü daha bir yoxlama oyunu keçirib.

“Football-plus.az” xəbər verir ki, Türkiyənin yeddiqat çempionu bazar günü doğma “Medikal Park” stadionunda Yunanıstan nəhəngi və son çempion statusunda olan AEK ilə qarşılaşıb. Buna qədər keçirdiyi 5 yoxlama oyunundan 2 qələbə, 2 bərabərlik və 1 məğlubiyyətlə ayrılan qaradənizlilər üçün görüş uğursuz alınıb. Bu mövsüm ÇL-də mübarizəyə 3-cü təsnifat mərhələsindən başlayacaq Afina təmsilçisi artıq ilk yarıda 2 qol vurmağa müvəffəq olub. “Trabzonspor” 2-ci hissənin əvvəllərində Maksi Qomeslə qollardan birinin əvəzini çıxsa da, komandanın bundan artığına gücü çatmayıb. Oyunun sonlarına yaxın daha bir dəfə fərqlənən qonaqlar inamlı qələbə qazanıblar. Komandaların hərəyə bir penaltini boşa verdiyini də bildirək. Zədə bu oyunda da “Trabzonspor”dan yan ötmədi. Bir müddət öncə yeni transferlərdən Mislav Orşiçi 8-9 aylığa, Xoakin Fernandesi ən azı 1 aylığa itirən komandada indi də daha bir yeni transfer Filip Benkoviç zədə aldı. Rəqib oyunçu ilə toqquşmadan sonra burnu qırılan xorvatiyalı müdafiəçi xərəkdə meydanı tərk edərək birbaşa xəstəxanaya çatdırıldı. “Trabzonspor”un baş məşqçisi Nenad Byelitsa oyundan sonra bunları dedi:
“İlk 20 dəqiqədə yaxşı oynasaq da, hesabda geri düşəndən sonra oyun planında zəiflədik. AEK layiqli qələbə qazandı. Bizdən daha hazır və daha istəkli idilər. Yenə bəxtsizliklə üzləşdik və eyni mövqedən 3-cü oyunçumuzu itirdik. Zatən 4-5 oyunçumuzdan bu matçda yararlana bilmədik. Normal bir durum deyil. Amma bu reallığı qəbul etməliyik. Transfer dönəmi davam edir. Aramıza yeni oyunçular qatmağa çalışacağıq. Təbii ki, Marek Hamşik səviyyəsində oyunçu tapsaq, dərhal alacağıq. Amma o səviyyədə oyunçu tapmaq çətindi. Digər rəqiblərimiz kimi transferlər həyata keçirmək imkanımız yoxdu. Amma biz uğura ac, çalışmağı sevən və sona qədər savaşan oyunçulardan ibarət bir komanda quracağıq. Mövsümə uğurlu başlamaq psixoloji cəhətdən çox önəmlidi. Bunu bacarsaq, davamı da gələcək”.


Onu da bildirək ki, “Trabzonspor” “Şalke-04”ün gənc qürbətçi oyunçusu Mehmet Can Aydını müqavilə imzalamaq üçün Türkiyəyə gətirib. Almaniyada doğulan və “Şalke-04”ün yetirməsi olan 21 yaşlı sağ müdafiəçi indiyə qədər helzenkirhenlilərin heyətində 43 rəsmi oyuna çıxıb və 1 qol vurub.