Dünən Türkiyə klubları yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyunlarını keçiriblər. Matçlar qardaş ölkə təmsilçiləri üçün uğursuz alınıb. İkinci toplanışı Avstriyada keçən ''Trabzonspor'' ''Torino'' ilə qarşılaşıb. Türkiyənin son çempionu ortabab İtaliya klubu ilə matçda gözlənilmədən darmadağın olub - 0:3. Bu azmış kimi, Abdulla Avcının komandasında yeni transferlərdən olan Ərən Elmalı da zədələnərək artıq ilk yarıda meydanı tərk edib. ''Trabzonspor'' növbəti oyununu iyulun 25-də İtaliyanın digər təmsilçisi ''Empoli''yə qarşı keçirəcək. Qaradənizlilər Sloveniyada keçirdikləri ilk toplanış zamanı Macarıstan təmsilçisi MTK-nı 2:1 hesabı ilə yenmişdilərsə, ''Slovaçko'' ilə oyun 2:2-lik bərabərliklə yekunlaşmışdı.
İspaniyanın Alikante şəhərində ikinci toplanışını keçən ''Beşiktaş'' isə premyer-liqa təmsilçisi ''Vulverhempton''la qarşılaşıb. ''Qartal'' da eynilə ''Trabzonspor'' kimi 0:3 hesablı acı məğlubiyyət yaşayıb. Özü də ingilislər bütün qolları ilk yarıda vurublar. 15-ci dəqiqədə Raul Ximenes hesabı açarkən qapıçı Ərsin Destanoğlu kobud səhvə yol verdi. Gənc qapıçı topu uzaqlaşdıra bilməyincə meksikalı forvard boş qapını nişan almaqda çətinlik çəkmədi. İstanbul nəhəngi İspaniyada növbəti oyununu iyulun 26-da ''Alaves''ə qarşı keçirəcək. İlk toplanışını Avstriyada keçirən ''Beşiktaş'' orda ''Verder''i 2:1, ''Maynts-05''i 1:0 hesabı ilə yenmişdisə, Plzen ''Viktoriya''sı ilə görüş qolsuz başa çatmışdı. Bundan başqa, dünən ''Antalyaspor'' da bundesliqanın ortabab klubu ''Bohum''la oyunda darmadağın olub - 2:6.