Yəqin ki, "Qəbələ" azarkeşləri 2011-16-cı illər aralığında komandada çıxış edən, Dodo ləqəbi ilə tanınan Luis Paulo Hilarionu unutmayıb.
Futbolçu hazırda Latviya "Liepaya"sında karyerasını davam etdirir. 35 yaşlı braziliyalı ilə əlaqə saxlayıb ötən günləri yada saldıq.
- Dodo, səni Azərbaycandan salamlayıram.
- Salam. Xoş gördük.
- İşlərin necədi?
- Hər şey qaydasındadı.
- Azərbaycandakı karyeran barədə danışmaq istəyirsən?
- Əlbəttə!
- Azərbaycanı, "Qəbələ"ni necə xatırlayırsan?
- Azərbaycan, "Qəbələ" həmişə yaddaşımda qalacaq. Ölkənizi çox sevirəm. Ora mənim həyatımı dəyişdi. Karyeramda inanılmaz xatirələrim "Qəbələ"də oldu.
- "Qəbələ" ilə bağlı ən unudulmaz xatirələrin hansılardı?
- Düşünürəm ki, Avropa Liqsının qrupunda iştirakımız, xüsusən də "Panatinaikos"a qarşı keçirdiyimiz oyun unudulmaz oldu. Amma şübhəsiz ki, ən yaxşı məqam klub tarixində ilk dəfə Avropa Liqasının qrupuna vəsiqə qazanmağımız idi.
- Son illərdə "Qəbələ"də geriləmə müşahidə olunur. Səncə, bunun səbəbi nədi?
- "Qəbələ" zəif deyil, futbol dəyişib. Hazırda bu idman növü çox çətinləşib. Komandanın heyətində daha əvvəl avrokubok təcrübəsi olmayan futbolçular oynayır.
- "Qəbələ"yə gəlişin necə olmuşdu?
- O vaxt Zaqreb "Dinamo"sunun heyətində Türkiyədə "Qəbələ"ya qarşı yoldaşlıq oyunu keçirmişdik. Məni həmin matçda bəyəndilər. Daha sonra bu transfer reallaşdı.
-"Qəbələ"dən ayrılmağının səbəbi nə idi?
- Ondan əvvəlki mövsüm Avropa Liqasının qrupunda oynamışdıq. Rəhbərlikdən maaşımın artırılmasını istədim. Onlar isə müqaviləni daha az məbləğ qarşılığında yeniləmək istəyirdilər. Anlaşa bilmədik və "Qəbələ"dən ayrıldım.
- "Qəbələ"dən ayrılandan sonra karyeranda eniş yaşandı. Səbəb nə idi?
- "Qəbələ"dən sonra Yunanıstana getdim. Orda zədə aldım, bir il oynamadım. Şükürlər olsun, daha sonra hər şey qaydasına düşdü. Hazırkı klubumda da yüksək səviyyədə çıxış edirəm.
- Karyeranın ən yaxşı dövrünün "Qəbələ"də olduğunu söyləyə bilərik?
- Əlbəttə! "Qəbələ"nin heyətində həm ölkə çempionatında, həm də avrokuboklarda unudulmaz oyunlar keçirdim. Həmin gözəl günləri heç vaxt unutmayacam.
- "Qəbələ"yə qayıtmaq şansın olub?
- Məndən asılı olsaydı, geri dönərdim.
- "Qəbələ"nin o zamankı rəhbərliyini, məşqçilərini necə xatırlayırsan?
- Hər şey möhtəşəm idi. Şikayət edəcək bir şey yox idi. "Qəbələ"də olduğum vaxtdan yalnız yaxşı şeyləri xatırlayıram.
- "Qəbələ"nin uğurlarının sirri nədə idi?
- "Qəbələ"nin uğuru klubda işləyən hər kəsin əziyyətinin məhsulu idi. Rəhbərlikdən tutmuş təmizliyə baxan şəxslərə qədər. O vaxt bu klubda hər şey möhtəşəm idi.
- Səncə, klub ötən günləri qaytarmaq üçün nə etməlidi?
- Hazırda bu suala cavab vermək çətindi. Futbol çox dəyişib. Uğur qazanmaq üçün meydanda olan 11 oyunçu bir nöqtəyə zərbə vurmalıdı. Belədə nəticə olacaq.
- "Qəbələ" azarkeşləri səni unutmayıb. Onları necə xatırlayırsan?
- Azarkeşləri unutmaq çətindi. Onlar həmişə yanımızda idi. Azərbaycan mənim həyatımı dəyişdi.
- Nə vaxtsa bura gəlməyi planlaşdırırsan?
- Bəli, həyat yoldaşım və qızımla Azərbayacana gələcəm. İnşallah, bu səfər noyabr və ya dekabrda ola bilər.
CAVİD ƏLİYEV