Yarış, çimərlik voleybolunun səviyyəsi barədə turnirdə çıxış edən Fidan Əhmədxanova ilə söhbətləşdik.
- Əvvəlcə yarış barədə fikirlərinizi öyrənmək istəyirik...
- Dünən Azərbaycan çempionatının 2-ci mərhələsinə start verilib. Mən buna çox şadam, çünki biz çimərlik voleyboluna getdikcə daha çox insan cəlb edirik. Ümid edirəm ki, tezliklə oyunlarımıza daha çox insan gələcək və turnirdə iştirak edəcək.
- Nə vaxtdan çimərlik voleybolu ilə məşğul olursuz?
- 4 aydı.

- Daha əvvəl hansı idman növü ilə məşğul olmusuz?
- 10 yaşım olanda qardaşım məni klassik voleybol bölməsinə gətirdi. Burda qızların necə böyüdüyünü və inkişaf etdiyin görərkən gözlərim parıldadı. Bundan sonra bu peşəyə marağım artdı.
- Bu sahədə uğurlarınız varmı?
- Müəyyən mükafatlarla təltif olunmuşam. Komanda yoldaşımla hazırlığa yeni başlasaq da, Türkiyədəki iki turnirə qatılmışıq. Məqsədimiz yaxşı nəticələr qazanmaqdı.
- Çempionatda mübarizə necə gedir?
- Oyunlarımız çox maraqlı keçir. Mən və komanda yoldaşım yaxşı nəticə qazanmaq istəyirik.
- Hazırda ölkəmizdə bu idman növü hansı səviyyədədi?
- Təəssüf ki, aşağı səviyyədədi. Bunun üçün də insanlar arasında bu sahəyə marağı artırmaq lazımdı. Biz də bunun üçün çalışırıq.

- İdmanla məşğul olmağınız təhsil almağınıza mane olmur?
- Hamı təhsil və idmanı birlikdə apara bilmir. Lakin təhsil almaq hər bir idmançı üçün vacibdi. Mən Dağıstan Dövlət Pedaqoji Universitetində oxuyuram.
- Ölkəmizin mentallığı fərqlidi. Qızların idmanla məşğul olmasına qarşı çıxan ailələr var. Sizdə belə çətinlik olub?
- Mən bu barədə çətinlik çəkməmişəm. Çünki ailəm də idmanla məşğul olub.
- Bu peşə ilə məşğul olmaq istəyən, lakin müəyyən çətinliklərlə qarşılaşan qızlara nə demək istərdiz?
- Qızlara, özümə və gücümə inam arzulayıram. Özlərini idmanda sınamaqdan qorxmasınlar. Məşqçi və komanda yoldaşlarınız da sizə bu yolda kömək göstərəcək.
CAVİD ƏLİYEV



