Yeni mövsümdə mükafatçılar sırasına düşməyi qarşısına hədəf qoyan "Zirə" bu gün Türkiyəyə yollanır. Bununla da qəsəbə təmsilçisi hazırlığın 2-ci mərhələsinə start verir.
Bəs "qartallar"ın əvəzedicilərində vəziyyət necədi? Komandada nə yeniliklər var? "Football-plus.az" saytı olaraq bu sualları aydınlaşdırmaq üçün "Zirə-2"nin baş məşqçisi Zaur Həşimovla danışdıq:
"Dünəndən hazırlıq mərhələsinin 3-cü həftəsinə başladıq. Hər şey qaydasında gedir. 10 futbolçu komandadan gedib. Əvəzində 2 oyunçu cəlb etmişik. Onlardan biri son mövsümü "Araz-Naxçıvan"da keçirən Emil Bayramov, digəri isə Latviyada çıxış edən U-21 millimizin üzvü Nazim Həsənzadədi. Həmçinin akademiyamızın bir neçə yetirməsiylə də peşəkar müqavilə bağlayacağıq.
Onu xüsusi qeyd edim ki, əvəzedicilərdən 5 oyunçu əsas komanda ilə birgə Türkiyə toplanışında olacaq. Onlardan 3-ü akademiyamızın yetirmələridi. Söhbət İlqar Əhmədov, Vüsal Əliyev və Mahmud Ağayevdən gedir. Yeni mövsümdə əsas məqsəd gənc futbolçuların fiziki, taktiki keyfiyyətlərini artırmaq və potensiallarını maksimum ortaya qoymalarına kömək etməkdi".
ABDULLA İSMAYILOĞLU