FİFA DÇ-2022-də iştirak edən futbolçuların klublarına ödəmə edib. Ali futbol təşkilatı bu barədə yaydığı rəsmi məlumatda bir çox məqamlara aydınlıq gətirib.
"Football-plus.az" xəbər verir ki, Qətərdə ötən il noyabrın 20-dən dekabrın 18-nədək keçirilən mundiala futbolçu göndərən 51 ölkədən olan 440 kluba ümumilikdə 209 milyon dollar məbləğində təzminat ödənilib. Qaydalara əsasən, klublar DÇ-2022-də iştirak edən hər oyunçusuna görə bir gün üçün 10950 dollar irəli düşüb. Xatırladaq ki, DÇ-2018-də bu planda məbləğ 8530 dollar təşkil etmişdi.
Bu dəfə ən çox təzminat İngiltərəyə ödənilib. Bu ölkənin klubları futbolçularının DÇ-2022-də iştirakına görə 37,7 milyon dollar qazanc əldə edib. Siyahıda İspaniya 2-ci (24,203 milyon dollar), Almaniya isə 3-cü (21,34 milyon dollar) yeri tutub. Bu planda dünya üzrə ən çox qazanan klub “Mançester Siti”di. İngiltərənin son çempionuna 4,6 milyon dollar təzminat ödənilib. “Barselona” 4,5 milyon dollar qazancla 2-ci, “Bavariya” isə 4,3 milyon dollarlıq təzminatla 3-cü yeri tutub.
Qeyd edək ki, FİFA DÇ-2010-dan başlayaraq klublara mundiala yolladığı futbolçularına görə vəsait ayırır.