Gözlənildiyi kimi, Andres İnyesta iş yerini tərk edib. Məşhur futbolçu “Vissel Kobe”dən ayrılıb.
“Football-plus.az” xəbər verir ki, Yaponiya klubu ilə müqaviləsinin müddəti sona çatan ispaniyalı yarımmüdafiəçi bir neçə gün əvvəl komandada vida matçına çıxıb. Qeyd edək ki, 39 yaşlı Andres “Vissel Kobe”yə 2018-ci ilin yayında “Barselona”dan ayrılaraq keçmişdi. O, ötən müddətdə kobelilərin heyətində 134 oyuna çıxıb, 26 qol vurub və 25 məhsuldar ötürmə verib.
Son xəbərlərə görə, İnyesta karyerasını “İnter Mayami”də davam etdirə bilər. “Mundo Deportivo” qəzetinin məlumatında Andresin “Barselona”dakı keçmiş komanda yoldaşları Lionel Messi və Serxio Buskets ilə yenidən birgə oynaya biləcəyi qeyd edilir. Andresin iki klubdan təklif aldığı və onlardan birinin “İnter Mayami”dən olduğu bildirilir. Yeri gəlmişkən, ABŞ komandasını artıq İnyestanın “Barselona”da 2013/14 mövsümündə sərəncamında olduğu argentinalı Xerardo Martino çalışdırır.
İnyestaya Səudiyyə Ərəbistanından da təklif gəlib. Andres yaş amilinə baxmayaraq, hələ də yaxşı imicə malikdi və onun keçidi Asiya ölkəsi üçün maraqlıdı.