İnyestanın komandası sonuncu pillədədi!

30.06.2022 20:11 423
Dünya futbolu
Dünyaca ünlü yarımmüdafiəçi Andres İnyestanın şərəfini qoruduğu Yaponiya təmsilçisi ''Vissel Kobe'' olduqca bərbad mövsüm keçirməkdə davam edir.

Bu komanda J1 adlanan Yaponiya çempionatında sonuncu pillədə qərarlaşıb və bu mövsüm artıq 3 məşqçi dəyişikliyinə gedib.

Qeyd edək ki, mövsüm fevralda start götürüb və artıq 18 tur arxada qalıb. ''Vissel Kobe'' ilk 7 turda qələbəyə həsrət qalınca Miura Atsuşi martda istefaya göndərildi. İspaniyalı məşqçi Luis Planaquma Ramos da vəziyyəti dəyişə bilmədiyindən apreldə qovuldu. Onun yerinə gətirilən 65 yaşlı Migel Anxel Lotina da 9 oyuna cəmi 2 qələbə qazanınca bu günlərdə qovulub. Klubdan verilən açıqlamada baş məşqçi postuna Yoşida Takayukinin gətirildiyi qeyd olunub. ''Vissel Kobe'' 18 turdan sonra 2 qələbə, 5 heç-heçə, 11 məğlubiyyətlə və topladığı 11 xalla sonuncu pillədə qərarlaşıb.

Komandanın top fərqi də ''-11''di. İnyestanın özünə gəlincə, 38 yaşlı dünya və Avropa çempionu bu mövsüm 18 rəsmi oyuna çıxaraq 3 qol vurub.